İyulun 3-də ADA Universitetinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin”, TotalEnergies” və “Мasdar” şirkətlərinin birgə təşkilatçılığı ilə 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirakçıları salamlayıblar.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilib ki, builki yay məktəbinin formatında dəyişiklik həyata keçirilib. Belə ki, proqram ilk dəfə həm Bakıda, həm də Bakıdan kənarda, Qazaxıstanın Aktau şəhərində keçiriləcək.
Çıxışçılar bildiriblər ki, sözügedən proqram neft və qaz ehtiyatları ilə zəngin Azərbaycanın, eyni zamanda, alternativ enerjiyə keçidlə bağlı təcrübəsini xarici ekspertlərlə paylaşmaq üçün əlverişli platformadır.
Rektor Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən etibarən hər il keçirildiyini xatırladıb. O bildirib ki, proqram yerli və xarici iştirakçılara Xəzər hövzəsi ölkələrinin enerji və ətraf mühit məsələlərinə dair daha dərin məlumat əldə etmələrinə fürsət verir.
Proqram çərçivəsində iştirakçılara enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla geniş mövzuları əhatə edən mühazirələr və interaktiv sessiyalar keçiriləcək. Həmin mövzular müxtəlif akademik qurumların, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləri tərəfindən tədris ediləcək.