Bu il milyarder İlon Maskın beyin çipi startapı “Neuralink” öz məhsullarını insanlar üzərində sınaqdan keçirməyi planlaşdırır. Parisdə keçirilən “VivaTech” təqdimatında Mask ilk beyin implantının tetraplegiya və ya aşağı ətrafların iflici xəstəsinə qoyulacağını açıqlayıb.
Bu yaxınlarda “Neuralink” şirkəti, nəhayət, ABŞ Qida və Dərman İdarəsindən insanlar üzərində sınaqlar keçirmək üçün icazə alıb. Ancaq əvvəllər heyvanlar üzərində aparılan sınaqların heç də hamısı gözlənilən nəticəni verməyib və bu mövzuda araşdırmalar hələ də davam edir.
Əgər “Neuralink” öz mütəxəssisləri tərəfindən hazırlanmış beyin implantının insanlar üçün təhlükəsiz olduğunu sübut edə bilsə, startapın bu cihazdan kommersiya məqsədli istifadəsinə icazə alması daha bir neçə il çəkəcək.
“Neuralink” beyin-kompüter interfeysi (BCI - Brain Computer Interface) adlanan cihazları hazırlayır. Maskın sözlərinə görə, onun şirkətinin gələcəkdə beyin implantları iflic olan insanların yenidən yeriməyə başlamasına, kor insanların görməsinə kömək edəcək və nəticədə, insanları kiborqa (kibernetik orqanizm) çevirəcək.
Leyla AZAD, “Xalq qəzeti”