Tələbələr bu pilləni də uğurla başa vurdular

post-img

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) universitetin və ümumilli lider Heydər Əliyevin 100, Azərbaycan Teatrının isə 150 illik yubileyi münasibətilə “Pillə 2” Tələbə Tamaşaları Festivalının bağlanış mərasimi keçirildi. 

   Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru Ceyran Mahmudova, ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov və digər sənət nümayəndələri çıxış edərək, tələbələri festival ərzində göstərdikləri maraqlı tamaşalara görə təbrik etdilər. Artıq ikinci dəfə keçirilən festivalı universitetin həyatında çox mühüm hadisə kimi qiymətləndirən çıxışçılar belə tədbirlərin onların gələcək aktyorluq karyeralarında önəmli rol oynayacağını vurğuladılar. 

    Ötən ilki festivaldan fərqli olaraq bu il digər universitetlər də burada iştirak edirdilər. Bakı Dövlət Universitetinin yaradıcı heyəti və tələbələri Vahid Orucovun rejissorluğu ilə ərsəyə gəlmiş “Yarımçıq qalmış” adlı tamaşa ilə çıxış etdilər. Komanda heyəti fəxri diplomlar və xatirə hədiyyələri ilə təltif olundular. 

   Sonra, ən yaxşı kişi roluna görə universitetin 4-cü kurs tələbələri Elməddin Zakirov və ən yaxşı qadın roluna görə Nigar Mürsəlova mükafatlandırıldılar. Ən yaxşı gənc ekspert mükafatına isə Nəzrin Əliyeva layiq görüldü. Teatr sənəti fakültəsi, IV kurs rəhbəri Gülşad Baxşıyevanın tələbələrinin hazırladığı B. Nuşiçin “Nazirin xanımı” tamaşası “Ən yaxşı tamaşa” nominasiyasında birinci yerin qalibi oldu.

    Festivalın məqsədi tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsinə nail olmaqdır. 

    “Teatro.az” sənət portalının informasiya dəstəyi, “Ballı Bisi” şirniyyat evi və “Sahib” parfümeriya şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən festival bu gün uğurla başa çatdı.

   Fidan HÜQUQQIZI,

   Elşən Ağalarov (foto),

          “Xalq qəzeti”

Son xəbərlər