Böyük Britaniyanın iki şirkəti fəzaya innovativ, ucuz radar peykləri uçuracaq. Maraqlısı odur ki, bu aparatın bir hissəsi trikotaj maşınında toxunacaq.
“CarbSar” adlanan bu missiya gələn il başlayacaq və Britaniya kəşfiyyatının casusluq potensialındakı boşluğu doldurmağa kömək edəcək. Peyk buludların üzərindən müşahidə aparmaq üçün radar texnologiyasından istifadə edəcək və hətta gecə də işləyəcək.
Britaniyalı ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsi qarşı tərəfin mövqelərini izləmək üçün istifadə edilən belə sistemlərin dəyərini göstərib. Lakin Britaniya BMT Təhlükəsizlik Şurasının öz müşahidə sistemi olmayan yeganə daimi üzvüdür. Bunları nəzərə alaraq, Böyük Britaniyanın iki şirkəti – “Surrey Satellite Technology Limited” (SSTL) və “Oxford Space Systems” (OSS) kiçik və portativ radar peyki hazırlamağa başlayıb. Eyni zamanda, onlar bu il Britaniya hökumətinin dəstəyi ilə öz kosmik gəmilərini yaratmağa başlayacaq və artıq sifariş edilmiş Amerika raketi vasitəsilə kosmik fəzaya göndərəcək.
S.RZAYEVA, “Xalq qəzeti”