AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızı bu günlərdə özünün “Facebook” səhifəsində maraqlı bir paylaşım edib. Orada yazılır:
“Ata iki övladı üçün bir şirin kökə alıb masanın üstünə qoyur və böyük övladına “bunu ikiyə böl!”, – deyir. Bölündükdən sonra dönüb kiçiyə “istədiyin birini seç, götür, ye!”, – deyir.
Ədalət məhz bu andan başlayır, əgər böyük övlad hiylə edib düz bölməyəcəksə, az yeyəcəkdir. Deməli, dəqiqlik, düzgünlük vicdana bağlı olduğu qədər, haqq və ədalət də sonrakı nəticəyə bağlıdır. Burada ata qanunun, böyük övlad dövlətin, kiçik övlad isə millətin simvoludur.
Aynur xanımın qənaətinə onu əlavə edək ki, dünyada ən çətin şey insanın nəfsinə qalib gəlməyi bacarmasıdır. Yalnız bu zaman ailədə, cəmiyyətdə, toplumda ədalət bərqərar oluna bilər. Bir görkəmli filosofun dediyi kimi, ədalət kainatın ruhudur.
Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”