İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib.
İclasda Azərbaycanı təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova ölkəmizin uğurlu enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib. Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.
Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji strategiyası, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpaolunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib.
NATO-ya üzv dövlətlərin nümayəndələri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıblar. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rol yüksək dəyərləndirilib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyəti qeyd edilib.