Milli Məclisin plenar iclasında

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirildi. Parlamentin rəhbəri çıxışına mayın 28 -də qardaş Türkiyədə keçirilmiş prezident seçkilərinin II turunun yekunları barədə məlumatla başlayaraq, dedi ki, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanmışdır. Əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə Azərbaycan xalqını qəlbən sevindirmişdir. O, əminiklə bildirdi ki, hörmətli Prezident Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin dinamik inkişafı qarşıdakı dövrdə yeni vüsət alacaq, Türkiyə–Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlu nəticələrinə şahidlik edəcəyik. 

S.Qafarova Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin mayın 24-dən 26-dək Serbiya Respublikasına ilk rəsmi səfəri barə­də də məlumat verdi. O qeyd etdi ki, səfər zamanı Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Baş nazir Ana Brnabiç, Milli Assambleyanın Sədri Vladimir Orliç ilə görüşlər keçirilmişdir. Serbiya Milli Assambleyasının Sədri ilə görüşdə Azərbaycan və Serbiya parla­mentləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Sonra cari məsələrin müzakirəsi başlandı. Deputatlar qardaş ölkədə ke­çirilən prezident seçkilərinin ikinci turun­da Rəcəb Tayyib Ərdoğanın qələbəsini Türk dünyasının uğuru kimi dəyərləndir­dilər. 

Deputatlar Prezident İlham Əliyevin Laçına səfərindən və dövlət başçımızın buradan çox ciddi mesajlar verməsindən də söhbət açdılar. Qeyd olundu ki, Azər­baycanın suverenliyi toxunulmazdır. 

Xeyli fasilədən sonra plenar iclas­da iştirak edən Fazil Mustafa ona qar­şı törədilən sui-qəsddən danışdı. Qeyd etdi ki, sui-qəsdi həyata keçirənlərin qısa zamanda hüquq-mühafizə orqan­ları tərəfindən saxlanması bir daha göstərdi ki, Azərbaycan dövləti ilə bu dillə danışmaq heç kimə müəssər ol­mayacaq: ”Mənə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə Prezidentinə, Birinci vitse-prezidentə və Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürümü çatdırmaq istəyirəm”.

Milli Məclisin Sədri cari məsələlərin müzakirəsindən sonra iclasa 28 qanun layihəsinin çıxarıldığını bildirdi. Gündə­liyin birinci məsələsini – “Azərbaycan Respublikası Milli Məclisinin parlament­lərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azər­baycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barə­də qərar layihəsini komitə sədri Səməd Seyidov təqdim etdi. Qeyd etdi ki, par­lamentin beynəlxalq əlaqələri getdikcə genişlənir və dostluq qruplarının sayı artır. Lüksemburq, Tailand və Ukrayna ilə dostluq qruplarına yeni rəhbərlər təyin edildi. 

“Türk İnvestisiya Fondunun yaradıl­ması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsinin qəbulundan sonra parlamentin rəhbəri bildirdi ki, gün­dəlikdəki digər 20 qanun layihəsi 3-cü oxunuşda təqdim olunub. Əvvəlki müza­kirələrdən sonra əlavə təklif və rəy daxil olmadığından qanun layihələri səsə qo­yularaq qəbul edildi.

Sahibə Qafarova gündəlikdəki digər qanun layihələri barədə məlumat verərək dedi ki, həmin sənədlər ölkə Preziden­tinin bir məktubu ilə daxil olub, məzmun və mahiyyətcə oxşardır. Təklif olundu ki, qanun layihələri səsə qoyulsun. 

Qanun layihələri təsdiq edildikdən sonra Milli Məclisin plenar iclası başa çatdı.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Son xəbərlər