Naxçıvan Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə keçirdiyi “I Beynəlxalq İpək Yolu” konfransında 15 ölkədən 300-dən çox məruzəçi iştirak edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransı açıq elan edərək qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. Elbrus İsayev vurğulayıb ki, beynəlxalq konfransın İpək yolun üstündə strateji mövqedə yerləşən Naxçıvanda keçirilməsi bu bölgənin beynəlxalq nəqliyyat dəhlizi kimi önəmini, eləcə də regionda və ətraf ölkələrdə iqtisadi-mədəni əlaqələrinin inkişafının aktuallığını ön plana çıxarır.
Bildirilib ki, İpək yolunun bərpası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu tarixi yolun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında 1998-ci il 7 iyun tarixli sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında isə “Türk qapısı” adlandırılan Naxçıvan mühüm rol oynayacaq.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu çıxışında belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araşdırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-nin Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənilib.
İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emek konfransın təşkilatçılarına plaket təqdim edib.
Konfrans ənənəvi və onlayn formatda olmaqla 23 bölmədə davam edib.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”