Dünən Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli liderin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dahi rəhbərlə birlikdə uzun illər çalışmış veteran əməkdaşların xatirələrindən ibarət “Ulu öndər silahdaşlarının xatirələrində” adlı kitab təqdim olunub.
Tədbir DTX-nin akt zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ərsəyə gətirdiyi, Heydər Əliyevin təhlükəsizlik təşkilatındakı fəaliyyətindən başlayaraq müstəqil Azərbaycanın rəhbəri olduğu dövrədək milli maraqların qorunması yolunda xidmətindən bəhs edən “Generalın planı” sənədli filminin təqdimat mərasimi ilə davam etdirilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək Azərbaycan təhlükəsizlik orqanlarında milliləşdirmə prosesinin banisi kimi Heydər Əliyevin doğma Vətəninin və xalqının mənafelərinə xidmət edən dövlətçilik strategiyasından, təhlükəsizlik orqanlarında gördüyü mühüm işlərdən ətraflı söhbət açıb, ulu öndərin yürütdüyü uğurlu daxili və xarici siyasət kursunun Azərbaycanın davamlı tərəqqisinə gətirib çıxardığını, Prezident İlham Əliyevin bu siyasi xətti müvəffəqiyyətlə davam etdirməsini xüsusi vurğulayıb.
Filmin ssenari müəllifi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev, quruluşçu rejissor Elnur Məmmədov sənədli filmin hazırlanması prosesində qarşılaşdıqları maraqlı məqamlar barədə fikirlərini bölüşüblər.
Tədbir “Generalın planı” sənədli filminin nümayişi ilə başa çatıb.
Q.QASIMOV, “Xalq qəzeti”