Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Muxtar Respublika Ali Məclisi və Nazirlər Kabinetinin təşkilatçılığı ilə ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirilib.
Əvvəlcə iştirakçılar ulu öndərin abidəsini ziyarət etdikdən sonra, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli “Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsi haqqında” qərarı elan edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, respublikamızın bütün bölgələrində ulu öndərin ömür yolu, dövlətçilik fəaliyyəti, onun zəngin irsi araşdırılır və 100 illik yubileyi təntənə ilə qeyd olunur. Bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etdirilməsi məhz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Dahi rəhbər Azərbaycan Sovet Sosialist Respublikasının inkişafı üçün əlindən gələni edirdi. O, həmişə Azərbaycan Respublikasının müstəqilliyi üçün çalışıb.
Qeyd olunub ki, 1982-1987-ci illər ulu öndərin həyatında xüsusilə vacib idi. Sovet İttifaqında hakimiyyət iyerarxiyasının ən yüksək mərhələlərinə yüksəlmiş ikinci bir azərbaycanlı yox idi. O dövrdə də ümummilli lider Azərbaycandan diqqətini ayırmamışdı. Ölkəmizdə zavodlar tikilirdi, mədəniyyət müəssisələri fəaliyyət göstərirdi, kənd təsərrüfatı sahəsi inkişaf edirdi, mərkəzdən ayrılan vəsaitin əsas hissəsi Azərbaycanın inkişafına yönəldilirdi.
Səlahiyyətli nümayəndə ulu öndərin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtmasından, taleyüklü qərarlar qəbul etməsindən, muxtar respublikanı işğaldan qurtarmasından, yenidən Azərbaycanda hakimiyyətə gələrək ölkənin hərbi, iqtisadi, mədəni cəhətdən inkişaf etdirilməsi uğrunda atdığı addımlardan və bu istiqamətdə keçirdiyi görüşlərdən də ətraflı danışıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasi xətti uğurla davam etdirir. 30 ildən artıq bir müddətdə Azərbaycanda qara yaraya çevrilmiş Qarabağ konflikti artıq tarixin zibilliklərinə atılıb. Vətən müharibəsindən sonra yaranmış daha bir reallıq isə Zəngəzur dəhlizi layihəsidir. Naxçıvan Muxtar Respublikası üçün də Zəngəzur dəhlizi çox böyük perspektivlər açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov deyib ki, ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıtması, 1991-ci il sentyabrın 3-dən 1993-cü il iyunun 9-dək olan müddətdə muxtar respublika Ali Məclisinin Sədri kimi fəaliyyət göstərməsi Naxçıvanı işğaldan, məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin 9 iyununda dahi siyasətçi xalqın təkidli tələbi ilə Bakıya gəldi. Ölkənin parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətdə olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmət əsasında quran dahi öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib ki, ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zamanda ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Bu gün ümummilli liderin siyasi xəttini uğurla davam etdirən, arzularını yerinə yetirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə Vətən müharibəsində qazandığımız parlaq Qələbə dayanır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü Məryəm Azadın çıxışları dinlənilib.
Sonra Azərbaycan Televiziyasının hazırladığı ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Əsrin adamı” filminə baxış olub. Mərasim bədii hissə ilə davam edib.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan