Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar

post-img

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA), Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturoloqlar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycanın sosial-mədəni inkişafı” mövzusunda “Mədəniyyət və cəmiyyət”kulturoloji seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov ulu öndərin həyat və fəaliyyətinin Azərbaycan mədəniyyətində böyük təsir izlərinə malik olmasından danışaraq qeyd edib ki, onun böyük şəxsiyyətlə görüşmək imkanı olmasa da, dahi liderin elmin və təhsilin, mədəniyyət və incəsənətin inkişafına göstərdiyi qayğını hər zaman hiss etmişdir. Böyük şəxsiyyətin məhz bu sahələrə zamanında göstərdiyi diqqət və qayğı kulturoloji cəhətdən təhlil edilməli cəmiyyətə çatdırılmalıdır. 

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının sabiq üzvü, “Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova bildirib ki, bu il Azərbaycanın çağdaş tarixinin ən böyük şəxsiyyəti Heydər Əliyevin 100 illiyidir. Azərbaycanın bu günkü mənzərəsinin təməlində məhz xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti dayanmışdır. Azərbaycan uğrunda tarixən mübarizələr getmişdir, sərhədlərimizin genişləndiyi, kiçildiyi vaxtlarımız da olub. Lakin sabit dövlətçilik məfkurəsinə, ümumxalq sevgisi qazanan Heydər Əliyevin siyasi ayıqlığı sayəsində Azərbaycan 90-cı illərin o ağır xaotik vəziyyətdən xilas edildi. O, necə deyərlər, bütün döyüşlərin, mübarizələrin qalibi olan sərkərdə, böyük şəxsiyyətdir. Onun xalqımıza ən böyük xidmətlərindən biri də özünü əvəz edəcək layiqli kadr hazırlaması, Azərbaycanın gələcəyini etibarlı ələ təhvil verməsi oldu. Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan uzun illər həsrətində olduğumuz, mənim də uşaqlıq xatirələrimin zəngin olduğu Şuşa şəhərini düşməndən geri aldı, bütün Qarabağımızı geri qaytardı. Bu ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti idi. 

Çıxış edən Milli Məclisin “Elm və təhsil” komissiyasının sabiq sədri, Əməkdar elm xadimi, BPSEA-nın akademiki Şahlar Əsgərov bildirdi ki, Heydər Əliyev Tanrı tərəfindən bu xalq göndərilmiş seçilmiş insan idi. O çox çətin sınaqlardan, gərgin, məşəqqətli günlər keçsə də öz xalqına sadiqliyini bir an belə tərk etmədi, mübarizəsindən bir addım belə geri dayanmadı. O öz həyatında çox böyük işlər görüb. Onun şah əsərlərindən biri də Azərbaycanda dövlət quruculuğu idi. Dövlət quruculuğu prosesini uğurla keçməsi, möhkəmlənməsi Heydər Əliyevin əvəzolunmaz xidmətidir. Onun dövlət quruculuğu prosesinin ikinci mərhələsi Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə apardığı müqəddəs mübarizəylə tamamlandı. 

Alim bildirib ki, xalqımızın intellektual potensialını yüksəltmək günün vacib məsələsidir. Biz Birinci Qarabağ müharibəsində uduzsaq da, ikinci Qarabağ savaşını məhz intellektual potensialımızı yüksəltməklə qazandıq. Bu baxımdan elmin, təhsilin inkişafı vaxtılə ulu öndərin vəziyyət etdiyi əsas prinsiplərdən biri kimi hər zaman diqqətimizdə saxlanılmalıdır. 

Sonra kulturoloq-alim, professor “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov Azərbaycanın sosial-mədəni inkişafının problemləri barədə məruzə ilə çıxış etdi və “Simurq” assosiasiyasının yerli və  beynəlxalq elmi-ictimai arenalarda göstərdiyi fəaliyyətdən söhbət açdı.
Seminarda  alimlər, müəllimlər, tələbələr,  media nümayəndələri, müxtəlif  ictimai və dini təşkilatların nümayəndələri iştirak ediblər. 

Anar TURAN,
“Xalq qəzeti”



Son xəbərlər