Daşkənddə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə bu ali təhsil ocağında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev – Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi” adlı beynəlxalq konfrans keçirilib. 

Konfrans iştirakçıları əvvəl ulu öndərin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsinin önünə gül qoyublar. 

Əvvəl iştirakçılar Heydər Əliyevə həsr olunan foto və nəşr sərgisi ilə tanış olublar. 

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açıb, onun təkcə Azərbaycan üçün deyil, Özbəkistan üçün də çox böyük və dəyərli şəxsiyyət olduğunu bildirib. 

AMM-nin direktoru Samir Abbasov Heydər Əliyev şəxsiyyəti, ulu öndərin rəhbərliyi dövründə xalqımızın maraqlarını  və  gələcəyini düşünməsi, Türk dünyası ilə bağlı fikirləri, Özbəkistanla dövlətlərarası əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib.

Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Zafarbek Axmedov,  Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru, fəlsəfə elmləri doktoru Cəmilə Şermuhamedova Azərbaycanla münasibətlərin daim Özbəkistan üçün prioritet olduğunu, Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulan münasibətlərimizin bu gün onun layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, iki qardaş respublika arasında həm sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra münasibətlərin qurulması və inkişafında Heydər Əliyevin tarixi rolunun olduğunu qeyd ediblər. 

Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov, Nizami adına DDPU-nun  professoru, tarix elmləri doktoru  Abrar Həzrətqulov və tərcüməçi alim Babaxan Şərif Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatında, daxili-xarici siyasətində, mədəniyyətində, elmində, dövlətlərimiz arasındakı münasibətlərdə müstəsna xidmətlərinə dair məruzələr ediblər. 

Konfransın aktiv təşkilatçıları və iştirakçılarına Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin və “Özbəkistan- Azərbaycan” Dostluq Cəmiyyətinin  Fəxri diplomları təqdim edilib. 

Tədbirdə universitetin “Altın miras” ansamblının üzvləri özbək və Azərbaycan musiqilərini ifa ediblər. 

Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və özbək mahnılarını səsləndirib.  

Musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qulu Kəngərli 

Daşkənd

















Son xəbərlər