Dünən qabaqcadan elan edilməyən səfərlə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanı ziyarət edib. Paytaxt Helsinkidə ali qonağı Finlandiyanın dövlət başçısı Sauli Niinistö qarşılayıb. Liderlər geniş müzakirələr aparıblar. Bu barədə UNİAN agentliyi məlumat yayıb.
Dövlət başçıları bir çox aktual ikitərəfli və regional məsələləri müzakirə ediblər. Finlandiya dövlətinin başçısı özünün “Tvitter” səhifəsində belə yazıb: “Biz Ukraynanın müdafiəsi, Finlandiyanın Ukraynaya dəstəyi və qlobal geosiyasi vəziyyətlə bağlı yaxşı və hərtərəfli müzakirə apardıq”.
Xatırladaq ki, bir müddət əvvəl Finlandiya NATO üzvlüyünə qəbul olunub. Bununla da alyans üzvlərinin sayı 31-ə çatıb.
Bu arada bir çox NATO dövlətlərnin hərbi kontingentlərinin Polşa ərazisində yeni hərbi təlimlərə başladıqları barədə məlumatlar yayılııb. Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı xəbər verib.
Bildirilib ki, hərbi hazırlıqlar mayın 26-dək davam edəcək. Manevrlərdə Polşa ordusunun 12 min hərbçisi iştirak edir. Bundan başqa, NATO ölkələrindən olan yüzlərlə hərbçi də təlimlərə qatılıb. Məlumata görə, təlimlərdə Polşa ilə yanaşı ABŞ, Rumıniya, Sloveniya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Türkiyə iştirak edir.
Ukrayna ilə bağlı əsas sensasiyalı xəbər isə ondan ibarətdir ki, dünən Ukrayna tərəfindən PUA-larla Kremlə hücuma cəhd olunub. Bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-ni məhv edib, itki yoxdur.
Kremldən verilən məlumata görə, bu, 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidentinə sui-qəsd cəhdidir: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.
Ukraynadan qlobal mediada yayımlanan digər bir xəbər də maraqlıdır. Belə ki, Ukraynada Kiyevin müdafiəsi ilə bağlı kəşfiyyat məlumatlarını düşmənə ötürən, sonra isə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin sıralarına qoşulan Rusiya agentinin saxlanıldığı məlum olub”.
Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, paytaxt sakini olan həmin şəxs genişmiqyaslı hücumun ilk vaxtlarında şəhərdə müdafiə qüvvələrinin yerləri barədə düşmən üçün məlumat toplayıb.
“Sonradan o, məsuliyyətdən yayınmağa çalışaraq, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka istiqamətində döyüşən bölmələrindən birinin sıralarına səfərbər olunub”, - deyə bəyanatda bildirilir.
P.S. Prezident Volodimir Zelenski Ukrayna PUA-larının Kremlə hücumu ilə bağlı sualı cavablandırarkən bildirib ki, onun ölkəsinin nə Moskvanı, nə də Prezident Putini hədəfə almaq niyyəti yoxdur.
O bilririb ki, onların məqsədi öz ərazilərini, doğma Ukraynanın kəndlərini və şəhərlərini Rusiyanın hücumundan qorumaqdır. Hətta bunun üçün belə onların kifayət qədər silahı yoxdur.
M.ABDULLAYEV, “Xalq qəzeti”

