Yeni il ərəfəsində Lənkəranın Boladi kəndində 102 yaşlı Şananə Mahmudovanın qonağı olmuşdum. İndi də yaşı 100 olan 1 nömrəli tam orta məktəbdə keçirilən yubiley tədbirinin sorağını aldım.
Məni bu barədə həmin məktəbin yetirməsi, Sumqayıtı özünə ünvan seçmiş kimyaçı-mühəndis, şair, Prezident mükafatçısı Süleyman Hüseynov məlumatlandırdı. 1966-cı ildə doğma kənddə məktəbi əla qiymətlərlə bitirib. Neçə-neçə şeir kitabının, povest və romanların müəllifidir. Hər zaman doğma kəndi və məktəbi barədə fəxrlə danışır. Elə Süleyman müəllimin yubiley tədbirindəki çıxışı da başdan-başa sevgi və minnətdarlıq duyğularına bələnmişdi. Digər çıxışlarda da gözəl ənənələri, böyük uğurları olan məktəblə bağlı özəl fikirlər səsləndi.
Bu məktəb şəhid Nahir Axundovun adını daşıyır. Məzunları arasında görkəmli alimlər, şairlər, ali rütbəli zabitlər, həmçinin daim ehtiramla yad olunan 13 şəhid var.
Təhsil ocağının uğurları davam edir. Məktəbin şagirdləri Elm Tədris Akademiyasının keçirdiyi “Zəfər yarışı” sınaq imtahanında uğur qazanıblar. Bir sıra olimpiadalarda bu təhsil ocağının təmsilçiləri fərqləniblər. SAF 2022-də “İnnovative exhibition” kateqoriyası üzrə məktəbin "Boladi" komandası mükafat qazanıb. Bu ay ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada keçiriləcək regional təhsil festivalına ciddi hazırlıq gedir.
Tədbirdə şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, Elm və Təhsil Nazirliyinin nümayəndəsi, həmçinin məktəbin məzunu olmuş Mirbaba Babayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri, məktəbin məzunları və digər qonaqlar iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayevin məktəbin yubileyi münasibətilə təbrik məktubu oxunub, pedaqoji kollektivin üzvlərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub. Məktəbin yubileyi ilə əlaqədar nazirlik tərəfindən məktəbə STEAM avadanlıqları hədiyyə edilib.
Çıxışçılar unudulmaz xatirələri dilə gətiriblər. Kanadanın Vaterloo Universitetindən professor İlham Axundovunməktəbin yubiley tədbirinə onlayn təbriki maraqla qarşılanıb. Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”


