Özbəkistanda ümumxalq səsverməsi - referendum keçirilib

post-img

Aprelin 30-da Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi-referendum keçirilib.

Referendumda dünyanın 50-dən artıq ölkəsini və 14 beynəlxalq təşkilatı təmsil edən 400-dən çox beynəlxalq müşahidəçi iştirak edib. 

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə nümayəndə heyəti və Azərbaycan Milli Məclisinin deputatları Ağalar Vəliyev, Cavanşir Paşazadə və Malik Həsənov referendumu Daşkənd şəhərində və bölgələrdə izləyiblər. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də referendumu müşahidə ediblər.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev mayın 1-də Daşkənddə keçirilən brifinqdə bildirib ki, səsverməyə 16 milyon 673 min 189 seşici qatılıb ki, bu da səsvermədə iştirak edən əhalinin 84.54 faizi deməkdir.

Beləliklə, referendum baş tutmuş hesab olunub.

Referendumda Konstitusiyada maddələrin sayı 128-dən 155-ə qaldırılıb, bu da əsas qanunun 65 faizinin yenilənməsi deməkdir.

Konstitusiyaya edilən əsas düzəlişlər Özbəkistan Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, Ali Məclis Senatındakı senatorların sayının 100-dən 65-ə endirilməsi və digər maddələrdir. 

Səfər çərçivəsində Məzahir Pənahov Zayniddin Nizamxocayev və digər rəsmi şəxslərlə görüşlər keçirib. 

Qulu Kəngərli 

Daşkənd





Son xəbərlər