Stokholm Sülh Araşdırmaları İnstitutu 2022-ci ildə beynəlxalq hərbi xərclərin 3,7 faiz artaraq 2,24 trilyon ABŞ dolları səviyyəsinə çatdığını yeni reytinqində bəyan edib.
Reytinqə əsasən, 2022-ci ildə ən çox hərbi xərclərə vəsait ayıran ölkələr ABŞ, Çin və Rusiya olub. Bu isə dünya üzrə ümumi məbləğin 56 faizini təşkil edib.
Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də ABŞ hərbi xərclərə ən çox vəsait ayırmış ölkə kimi reytinqdə qalır. Belə ki, bu ölkənin hərbi xərcləri 2022-ci ildə 877 milyard dollara çatıb. Bu rəqəm dünya ölkələri üzrə hərbi xərclərin ümumilikdə 39 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu vəsait dünya üzrə ikinci ən böyük xərcləməni həyata keçirən Çinin ayırmış olduğu 292 milyard dollardan üç dəfə çoxdur.
Üçüncü yerdə qərarlaşan Rusiyanın hərbi xərcləri 2022-ci ildə təxminən 86,4 milyard dollar təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 9,2 faiz artım deməkdir. Dünya ölkələri sırasında hərbi xərcləmələr cəhətdən ilk beşlikdə 81,4 milyard dollar ilə Hindistan dördüncü yerdə qərarlaşıb. 75 milyard dollar ilə Səudiyyə Ərəbistanı 5-ci sırada ilk beşliyi tamamlayır.
Mərkəzi və Qərbi Avropada hərbi istiqamətə ən çox maliyyə ayıran ölkə 68,5 milyard dollarla Böyük Britaniya olub. Böyük Britaniya bu məbləğin təxminən 2,5 milyard dollarını Ukraynaya hərbi yardım üçün sərf edib.
2022-ci ildə Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb.
Hesabatda proqnozlaşdırılır ki, bu il üçün qlobal hərbi xərclərin artmı gözlənilir.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

