“Togg”la gəlin gətirdilər

post-img

Türkiyənin bu yaxınlarda kütləvi istehsalına başladığı yeni avtomobil brendi “Togg”dan Bursada toy edən gənc cütlüyün gəlin maşını kimi istifadə olunub. 

Türkiyə mediası xəbər verir ki, Bursadan millət vəkilliyinə namizəd olan sənaye və tex­nologiya naziri Mustafa Varank bu günlərdə bir mədəniyyət mərkəzinin açılışında onun yanına gələn Hüseyn Özdəmirin tezliklə toy edəcəyini öyrənib və avtomobilin gəlin maşını kimi istifadə ediləcəyinə söz verib. 

Nazir vədinə əməl edib və nəqliyyat vasitə­sini Bursa Böyükşəhər Bələdiyyə başçısı Alinur Aktaşa təhvil verib. Mer “Togg”u bəzədərək gə­lin maşınına çevirib. Yeri gəlmişkən, gəlin də maşından çox razı qalıb. 

“Togg” ilə həyəcanının dəfələrlə artdığını ifadə edən bəy H.Özdemir yerli jurnalistlərə açıqlamasında “Çox xoşbəxtəm. Xəyallarımın gerçəkləşdiyi bir gün yaşayıram. Sağ olun, nazi­rimiz bu xoşbəxtliyi, yaxşılığı və gözəlliyi mənə layiq gördü”, - deyə bildirib.

Xatırladaq ki, qardaş ölkənin ilk elektrik avtomobili “Togg” bu il aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Son xəbərlər