Rusiya mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini geniş işıqlandırıb

post-img

Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı səsləndirdiyi fikirləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin ya Azərbaycan vətəndaşlığını qəbul etmələri, ya da özləri üçün başqa yaşayış yeri tapmaları kimi seçim təklif etməsini, Azərbaycan dövlətinin tezliklə sülh müqaviləsi imzalamağa, qarşıdurmaya son qoyulmasına hazır olması barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

“Veçernyaya Moskva” nəşri dövlətimizin başçısının “Qarabağ bizim daxili işimizdir” fikrinə xüsusilə önə çəkərək, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə demokratik əsaslarla seçim təklif etdiyini vurğulayıb.

“Regnum” agentliyi “Azərbaycan Prezidenti Qarabağ ermənilərindən seçim etməyi tələb edib” sərlövhəli xəbərdə dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç kimlə müzakirə etməyəcəyinə dair bəyanatına xüsusi yer verib.

“News.ru” Agentliyində yayımlanan xəbərdə Prezident İlham Əliyevin müsahibəsindən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıdığı barədə fikri yer alıb. Nəşr xatırladır ki, Azərbaycan Prezidenti ölkənin bütün vətəndaşlarına azadlıq və problemlərin demokratik proseslər əsasında həll olunacağını vəd edir.

“Life.ru”, “Vedomosti” nəşrləri Prezident İlham Əliyevin danışıqların və sülh müqaviləsinin imzalanmasının ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında mümkün olması barədə sözlərini diqqətə çatdırıb.

“Qazeta.ru” nəşri, “RBK” agentliyində yayımlanan məqalələrdə qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb və Ermənistan hakimiyyətini Qarabağı rəsmən Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını tələb edib.

“Novıye izvestiya” qəzetində, TASS və “Mossovet” informasiya agentliklərində, “Arqumentı i Faktı” nəşrində yayımlanan xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev müsahibəsində Praqa və Soçi görüşlərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini, iki ölkə arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunacağını bildirib, Ermənistanı “Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməyə çağırıb.

Son xəbərlər