Süni intellektin sürətli inkişafı incəsənət və fotoqrafiya sahəsində də əks-səda verib. Belə ki, alman rəssam Boris Eldaqsenin süni intellektlə hazırladığı şəkil “Sony World Photography Awards” mükafatını qazanıb. Bu barədə “bbc.com” saytı məlumat yayıb.
B.Eldaqsen müsabiqəyə süni intellektin hazırladığı “The Electrician” adlı fotoşəkillə qatılıb. Şəkildə XX əsrin əvvəllərindəki “ruh fotoqrafiyasını” xatırladan iki qadın təsvir edilib. Bu şəkil Ümumdünya Fotoqrafiya Təşkilatı tərəfindən təşkil edilən yarışın qaliblərindən biri olub. Lakin fotonun yaradıcısı mükafatı qəbul etməyib.
Alman rəssam yarışma haqqında deyib: “Əsərimi seçdikləri üçün münsiflər heyətinə təşəkkür edirəm. Məqsədim fotoqrafiyanın gələcəyi ilə bağlı müzakirə mühiti yaratmaq idi. Rəsmin süni intellekt tərəfindən hazırlandığını heç kəs başa düşmədi. Hazırda bu cür faktları aşkar etmək üçün inkişaf etmiş sistem də yoxdur. Bununla belə, bir çox şirkətlər bu məsələ üzərində işləyir və ən azından müsabiqələr fonunda bənzər problemlərin aradan qaldırılacağına ümid edirəm. Belə yarışmalarda süni intellektlə əsl fotoqraflar bir-biri ilə rəqabət aparmamalıdır. Süni intellekt fotoqrafiya deyil. Ona görə də mükafatdan imtina edirəm”.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

