Dünyanın aparıcı KİV-lərində Ermənistan paytaxtında Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb

post-img

Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılması dünyanın bir sıra aparıcı KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə bu çirkin hadisə idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi dəyərləndirilib.

“Reuters” agentliyinin yaydığı “Azərbaycan Ermənistanda keçirilən ağır atletika çempionatında bayrağın “barbarcasına” yandırılmasına etiraz edib” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan şənbə günü qonşu Ermənistanda ağır atletika çempionatının açılış mərasimi zamanı Dövlət Bayrağının yandırılmasına kəskin etirazını bildirib. Azərbaycan idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğunu və onların artıq Gürcüstandan keçməklə Vətənə qayıtmaq üçün Ermənistanı tərk etdiklərini bəyan edib.

Video və foto görüntülərinin təqdim olunduğu xəbərdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanat yaydıqları qeyd edilib. Diqqətə çatdırılıb ki, bəyanatda bu hadisə “barbar hərəkət”, etnik nifrət və irqçiliyin sübutu kimi sərt şəkildə qınanıb.

Məqalədə iki ölkə arasında uzun illərdən bəri düşmənçilik münasibətlərinin davam etdiyi vurğulanıb, son bir həftə ərzində baş verən toqquşmalarda 7 nəfərin həlak olduğu qeyd edilib.

Böyük Britaniyanın “Inside The Games” idman nəşrində yayımlanan xəbərdə isə bildirilib ki, Azərbaycan açılış mərasimində Dövlət Bayrağının yandırıldığı “barbarcasına” insidentdən sonra ağır atletika komandasının Avropa çempionatını tərk etməsini qərara alıb. Məqalədə bu barədə bildirilib: “Ermənistanın paytaxtında komandaların paradı zamanı şounun modelyeri bayrağı gənc qadının əlindən alıb əvvəlcədən planlaşdırdığı və sosial şəbəkədə paylaşdığı hərəkətlə yandırıb. Televiziya şirkətində işləyən Aram Nikolyan polis tərəfindən saxlanılsa da, sonradan heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. O, ifadəsində “Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, evlərində Azərbaycan bayrağını assınlar” deyib.

Yazıda bildirilib ki, Beynəlxalq Ağır Atletika Federasiyasının dünya çempionatına da ev sahibliyi etmək istəyən beş ölkədən biri olan Ermənistanda baş verən bu hadisə Avropa Ağır Atletika Federasiyası (EWF) tərəfindən də sərt şəkildə qınanıb. EWF yaydığı açıqlamada Aram Nikolyanın bayrağı yandırmasını idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirərək bu hadisəni qətiyyətlə pisləyib. Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə qəti mövqeyini bildirib və bu yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib.

Xəbərdə vurğulanıb ki, EWF-in açıqlamasında qeyd olunub: “Azərbaycan nümayəndə heyətinin çempionatı tərk etməli olmasına təəssüflənirik, eyni zamanda, bu qərara hörmətlə yanaşırıq. Biz nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik”.

“Inside The Games” nəşrinin yaydığı məqalədə bildirilib ki, Beynəlxalq Ağır Atletika Federasiyası da bu hadisə ilə əlaqədar Avropa Ağır Atletika Federasiyasının mövqeyini dəstəkləyən bəyanat yayıb. Həmin bəyanatda bildirilib: “IWF İrəvanda EWF-in himayəsi altında keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı insidenti qətiyyətlə pisləyir və bundan təəssüflənir. Milli rəmzlərə hörmət idmanın əsas dəyəridir və bu prinsipə əməl olunmaması sərt qınaq obyektidir. İdmanı xalqlar arasında birliyin əsas elementi hesab edən IWF bu cür insidentin baş verməsinə heç vaxt dözməyəcək. IWF buna görə də EWF-in bu insidentlə bağlı müvafiq reaksiyasını tamamilə dəstəkləyir və təbii olaraq bütün dünyada ağır atletika yarışlarında idmançılara və nümayəndə heyətlərinə hörmət, ləyaqət və ədalətli oyunla yanaşılmasını gözləyir”.

Yazıda, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin gərgin olmasına toxunulub, bu hadisə ilə əlaqədar Azərbaycanın aidiyyəti qurumlarının, o cümlədən Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə bəyanat yaydığı bildirilib. Qeyd olunub ki, həmin bəyanatda beynəlxalq ictimaiyyətə və beynəlxalq idman qurumlarına bu iyrənc hərəkəti kəskin şəkildə pisləmək üçün çağırış edilib. Həmçinin Avropa Ağır Atletika Federasiyasına Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırış ünvanlanıb, bu hadisənin Ermənistanın beynəlxalq idman yarışlarını keçirə və idmançıların təhlükəsizliyini təmin edə bilmədiyini göstərdiyi bildirilib.

ABŞ-ın “Barrons” nəşrində yer alan xəbərdə ötən gün Ermənistanın paytaxtında keçirilən beynəlxalq ağırlıqqaldırma yarışında Azərbaycanın Dövlət Bayrağının yandırılması hadisəsindən sonra idmançılarımızın turnirdə iştirakdan imtina etdikləri bildirilib. Məqalədə bu hadisə ilə əlaqədar Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin yaydığı birgə bəyanatdan aşağıdakı ifadələr sitat gətirilib:

 

 

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib”. Həmçinin Avropa Ağır Atletika Federasiyasından Ermənistana sanksiya tətbiq olunması barədə çağırış ünvanlandığı, idmanın siyasiləşdirilməsinin qətiyyən yolverilməz olmasının vurğulandığı qeyd edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da insidentin qətiyyətlə pisləndiyi, təqsirkar şəxsin dərhal məsuliyyətə cəlb olunması barədə Ermənistana çağırış edildiyi bildirilib.

Birləşmiş Ştatların “usnews.com”, “msn.com”, “iscaninfo.com” saytlarında yer alan məqalələrdə də Azərbaycanın bu barbarlıq hadisəsinə sərt etirazını bildirdiyi və idmançılarımızın çempionatı tərk etdikləri qeyd olunub.

Ermənistan paytaxtında baş verən bu iyrənc hadisə ilə bağlı xəbərlər Fransa KİV-lərində də əksini tapıb. Fransanın “France24”, BFM, “La Depeche”, “France Live”, “Ouest-France”, “Orange Sport” və digər KİV-lərində yer alan xəbərlərdə İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması anının görüntüləri təqdim olunub. Məqalələrdə bayrağın yandırılmasına etiraz əlaməti olaraq Azərbaycan idmançılarının turniri tərk etdikləri bildirilib. Həmçinin vurğulanıb ki, Azərbaycan Bayrağını yandıran şəxs polis tərəfindən saxlanılsa da, qısa müddət sonra sərbəst buraxılıb.

Azərbaycan Bayrağının Ermənistan paytaxtında yandırılması hadisəsi barədə xəbər Kanadanın “National Post” qəzetində də yer alıb. Qəzetdə yayımlanan xəbərdə Azərbaycanın şənbə günü qonşu Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Dövlət Bayrağının götürülərək yandırılmasından sonra kəskin etirazını bildirdiyi qeyd olunub. Eləcə də Azərbaycanın idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğunu bəyan etməsi, onların Gürcüstandan keçərək Vətənə qayıtmaq üçün Ermənistanı tərk etdikləri bildirilib. Xəbərdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin hadisə ilə bağlı birgə bəyanat yayaraq, Dövlət Bayrağının yandırılmasına sərt etirazlarını bildirdiyi qeyd olunub.

Almaniyanın “Deutsche Welle” televiziyasının yaydığı xəbərdə bildirilib ki, Azərbaycan Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən açılış mərasimində bayrağının yandırılmasından sonra milli komandasının İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakını dayandırıb. Xəbərdə bayrağın yandırılmasının bu həftə yeni toqquşmalar nəticəsində münasibətlərin gərginləşdiyi dövrə təsadüf etdiyi vurğulanıb. Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin yaydığı birgə məlumatda bayrağın yandırılmasının idmanın nəcib məqsədinin prinsiplərinə tamamilə zidd olan “barbar hərəkət” kimi qiymətləndirildiyi, beynəlxalq ictimaiyyətə və idman təşkilatlarına bu vəhşi hərəkəti kəskin şəkildə pisləmək üçün çağırış ünvanlandığı qeyd olunub.

Məqalədə vurğulanıb ki, erməni mediası Azərbaycan bayrağını yandıran şəxsin açılış mərasimində akkreditə olunmuş dizayner Aram Nikolyan olduğunu bildirilib. O, səhnəyə çıxaraq bayrağı qızın əlindən alaraq yandırıb.

Türkiyənin “TRT Haber”, “Takvim”, “HaberGlobal”, “Sondakika”, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Türkiye” və digər KİV-lərində də yayılan xəbərlər “Avropa Ağır Atletika Federasiyasında skandal: Azərbaycan Bayrağına çirkin hücum” sərlövhəsi ilə yayımlanıb. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan azad etməsindən sonra iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayarkən Ermənistanda keçirilən Avropa Çempionatının açılışında bir nəfər Azərbaycan Bayrağına qarşı çirkin hücum gerçəkləşdirdi.

Rusiyanın TASS, “İnterfaks”, “İzvestiya”, “Qazeta”, “Regnum”, “Komsomolskaya Pravda”, 360, “Rossiyskaya Qazeta”, RBK, “News.ru”, “Lenta”, “Kommersant”, “Arqumentı i Faktı”, ROSBALT”, “Vzqlyad”, “Vestnik Kavkaza”, “Kavkazskiy Uzel” və digər KİV-lərində yayımlanan xəbərlərdə də Azərbaycan Bayrağının yandırılmasını əks etdirən görüntülər təqdim olunub, bu hadisədən sonra Azərbaycan idmançılarının Avropa Çempionatında iştirakı dayandıraraq, Vətənə qayıtdıqları bildirilib. Məqalələrdə bu hadisənin Azərbaycanın ictimaiyyətində hiddətlə qarşılandığı, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin yaydığı birgə bəyanatda idmanın siyasiləşdirilməsinin yolverilməzliyinin qeyd olunduğu bildirilib. Həmçinin qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə dərhal münasibət bildirərək, Dövlət Bayrağının yandırılmasını pisləyib, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsinin narahatedici olduğunu və təqsirkarların cəzalandırılmasının vacibliyini bəyan edib.

“Vestnik Kavkaza” qəzetində yer alan xəbərdə İrəvandakı hadisə ilə 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı erməni idmançının mükafatlandırılması mərasimi arasında müqayisə aparılıb. Bildirilib ki, Bakıda erməni idmançı Gevorq Manukyana mükafatı Azərbaycan Prezidenti İlham Əliyev şəxsən təqdim edib. Mükafatlandırma zamanı azərbaycanlı azarkeşlər erməni idmançını fitə basmağa çalışsalar da, Prezident İlham Əliyevin işarəsi ilə zalda dərhal sakitlik hökm sürüb və Azərbaycan Prezidenti bu anlayışa görə azarkeşlərə minnətdarlıq edib.

Qeyd edək ki, bu çirkin hadisə erməni ictimaiyyətində də birmənalı qarşılanmayıb. Əksər sakinlər heç bir ittiham irəli sürülmədən buraxılan Aram Nikolyanı “qəhrəman” kimi qarşıladıqları halda, bəzi şəxslər onun bu iyrənc hərəkətindən utandıqlarını qeyd ediblər. Rusiyanın “gazeta.ru” və “news.ru” saytlarında yer alan xəbərlərdə qeyd olunub ki, Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan sosial şəbəkələrdəki paylaşımında bu hadisədən çox utandığını və beynəlxalq ictimaiyyətdən üzr istədiyini bildirib: “Mən bir vətəndaş və parlamentari kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”.

“Kavkazskiy Uzel” qəzetinin yaydığı məlumatda qeyd olunub ki, Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan da hadisə ilə bağlı paylaşım edərək Aram Nikolyanın əməlini pisləyib. O, feysbukdakı səhifəsində bu barədə bildirib: “Bu, ağır siyasi nəticələri olan antidövlət təxribatıdır. Bayrağın yandırılması qələbə deyil, zəiflik əlamətidir”. Məqalədə vəkil Ara Qazaryanın “Aram Nikolyan yəqin ki, özünü əsl qəhrəman kimi hiss edir. Lakin bununla o, yüzlərlə insanın uzun illər ardıcıl əməyinə böyük ziyan vurub. Ümid edirəm ki, o, nə vaxtsa bunu dərk edəcək” ifadələri də oxucuların diqqətinə çatdırılıb.

Rusiyanın “Vzqlyad” nəşrində yer alan yazıda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına turnirin açılış mərasimində Azərbaycan Bayrağını yandıran stilistik studiyanın rəhbəri Aram Nikolyanı işdən çıxarmağı tapşırıb.

“Bnn.network” portalında yer alan xəbərdə Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin başlandığı qeyd olunub. Bildirilib ki, Baş Prokurorluq milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyanın və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndəriləcəyini və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı kimi mötəbər bir yarışın açılış mərasimində iştirakçı ölkələrdən birinin - Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılması barədə xəbərlər Xorvatiyanın “24sata.hr”, Ukraynanın “tsn.ua”, “sport.nb.ua”, “sport.unian.ua”, “champion.com.ua”, “news.obozrevatel.com”, “telegraf.com.ua”, “antikor.com.ua”, Gürcüstanın “Sportall.ge”, İranın “Etemad Online”, “Mehr”, “Mashreg News”, “Fars News”, Hindistanın “The Hindu”, Qətərin “Əl Cəzirə” və digər ölkələrin KİV-lərində də məqalələr dərc olunub.

 



















Son xəbərlər