“Vətən üçün oxu” layihəsinin təqdimat mərasimi olub

post-img

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Vətən üçün oxu” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən “İrəli” İctimai Birliyinin əməkdaşı, “Vətən üçün oxu” layihəsinin rəhbəri Aydın Abdullayev layihə çərçivəsində çəkilişlərin Bakı şəhəri, İsmayıllı, Şəki, Qax və Qəbələ rayonlarında baş tutduğunu deyib.

Gənc musiqiçilərin ifasında lentə alınan çəkilişlərdə milli yaradıcılıq nümunələrindən olan “Sarı Gəlin”, “Fəridəm”, “Getmə, gəl” mahnıları, habelə balaban, tar, kamança və nağara kimi milli musiqi alətlərimizdən də istifadə olunub. Həmçinin diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi istedadlı gənclərimizin tanıdılmasında yardımçı olmaq, habelə Azərbaycan musiqisi və milli musiqi alətlərimizin təbliğində yaxından iştirak etməkdir.

Tədbirin davamında “Vətən üçün oxu” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimatı baş tutub. Daha sonra çəkilişlərdə iştirak etmiş gənc musiqiçilər layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır-2022” gənclərin fərdi layihələr qrant müsabiqəsi çərçivəsində keçirilir.



Son xəbərlər