Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən K.Heydərov iki ölkənin uyğun qurumları arasında müxtəlif sahələr, o cümlədən fəlakətlərdən mühafizə üzrə elmi və texniki bilik və təcrübələrin mübadiləsi, şəxsi heyətin təlim-tədrisi ilə bağlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fövqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fövqəladə hallarla mübarizə sahəsində Bosniya və Herseqovinada görülən işlər barədə ətraflı məlumat verib. N.Neşiç bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını dilə gətirib.
Yekunda “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
“Xalq qəzeti”