Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında, ən azı, 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir. Artıq bu sahədə müvafiq işlərə başlanılıb. Yaşıl enerji konsepsiyasının muxtar respublikada geniş tətbiqi üzrə yaradılan işçi qrup Naxçıvanda səfərdə olub.
Naxçıvan Biznes Mərkəzində işçi qrupun üzvləri muxtar respublika Energetika və Qaz İstismar xidmətlərinin əməkdaşları ilə görüşüblər. İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov, qrupun üzvü, Naxçıvan MR Ali Məclisinin aparat rəhbəri Ülvi Hüseynli, Naxçıvan Energetika Xidmətinin rəisi Namiq Paşayev, Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov mövcud imkanlar və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirə aparıblar.
Sonra Culfa Külək-Günəş Hibrid Elektrik, Naxçıvan Modul Elektrik, Naxçıvan Qaz Kompressor, Naxçıvan Günəş Elektrik stansiyasılarına və yeni günəş panelləri qurulacaq əraziyə baxış keçirilib.
Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli işçi qrupun üzvləri ilə görüşüb. Naxçıvanda yaşıl enerji konsepsiyasının tətbiqi imkanları müzakirə olunub, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan

