Ərdoğan qarşıdakı seçkiləri “dönüş nöqtəsi” adlandırıb

post-img

Türkiyədə prezident və parlament seçkilərinin vaxtı yaxınlaşdıqca siyasi gərginlik də artır. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vaxtaşırı özünün seçkilərlə bağlı mövqeyini açıq-aydın ifadə etməkdədir. Dünən o, iftar mərasimində çıxışı zamanı yenidən seçicilərinə müraciət edib. 

“Anadolu”nun məlumatına görə, Ərdoğan bəyan edib ki, mayın 14-də tür­kiyəli seçicilər, sadəcə, namizədlər və ittifaqlar arasında deyil, iki fərqli siyasət tərzi arasında seçim edəcəklər. Çünki bu, sıradan bir seçki deyil, dönüş nöqtəsidir.

Prezident Ərdoğan deyib: “İnşallah, söz verdiyimiz işləri həyata keçirərək, heç bir qardaşımıza xəyal qırıqlığı yaşat­mayacağıq. Millətimizin nələr gözlədiyini çox yaxşı bilirik. Daha çox çalışacağıq. Daha çox layihə ərsəyə gətirəcəyik. Seç­ki ab-havasının bizləri əsas gündəmimiz­dən yayındırmasına imkan verməcəyik”.

Dövlət başçısı bu günlərdə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleykin müxalifət təmsilçiləri ilə görüşünü də tənqid edib. Türkiyə Prezidenti qapılarının ABŞ səfiri Ceff Fleykin üzünə bağlı olduğunu bil­dirib. “Star” qəzetinin məlumatına görə, Ərdoğan bu sözləri amerikalı diplomatın Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşündən sonra söyləyib. “Co Baydenin səfiri nə edir? Gedir Kamal bəylə görüşür. Ayıb olsun, başınızla dü­şünün. Siz səfirsiniz. Buradakı həmsöh­bətiniz Prezidentdir. Bundan sonra hansı üzlə prezidentlə görüş istəyəcəksiniz? Qapılarımız onun üzünə bağlıdır. Fleyk öz yerini bilməlidir”, – deyə Ərdoğan bil­dirib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də ke­çiriləcək.

 

Ə.PAŞA,
“Xalq qəzeti”

Son xəbərlər