Virtual aləmin möcüzəsi – insan bilikləri xəzinəsi

post-img

Aprelin 4-ü dünyada Beynəlxalq İnternet Günü kimi qeyd edilir. 2005-ci ildən keçirilən bu bayram insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək, bu texnologiyalar və onların funksiyaları haqqında daha dərin məlumatları təqdim etmək üçün düşünülmüşdür. “ICTnews” xəbər xidmətinin qeyd etdiyi kimi, bu gün veb-usta (veb-developer, veb-dizayner) və ümumiyyətlə, qlobal internet şəbəkəsi ilə bağlılığı olan hər kəsin bayramıdır.

İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başla­yıb. 1994-cü ildə ilk dəfə olaraq inter­netdən elektron kommersiya məqsə­dilə istifadəyə başlanılıb. İnternet bəşər tarixinin ən böyük ixtiralarından biri sayılır. Çağdaş həyatı internet ol­madan təsəvvür etmək mümkün deyil. Xatırladaq ki, Vatikan katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şə­bəkəsini “insan bilikləri xəzinəsi” ad­landırıb.

Getdikcə qloballaşan dünyanın əlaqə şəbəkəsi internet həyatımızın ayrılmaz hissəsidir. O, ötən əsrin 60-cı illərində ABŞ-da yaradılıb və qısa za­manda müstəqil şəbəkələrdən ibarət böyük bir sistemi formalaşdırmaqla dünya dövlətlərini əhatə edib. 

Bu günün – aprelin 4-nün (1998-ci il) isə Beynəlxalq İnternet Günü kimi qeyd olunması təsadüfi deyil. Dünya hörümçək torunun hamisi, ilk 20 cild­lik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist sevilyalı İsidor 636-cı ilin bu günündə həyatı tərk edib. Həmçinin bu tarixin geniş yayılmış qısa yazılışı (4.04) hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğundur. 

Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlayıb. Ölkə­mizdə genişzolaqlı xidmətlərin göstə­rilməsinə 2006-cı ildən başlanıb və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunur. Bunun əsas səbəbi ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələ­rinin genişlənməsi, çeşidli xidmətlərin göstərilməsi üçün internetdən istifa­dənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin uğurla icra edilməsi­dir. Son illərdə ölkədaxili internet şə­bəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılıb.

Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının hesabatlarında əksini ta­pan məlumatlar ölkəmizin son illər bu sahədə böyük nailiyyətlər qazandığını təsdiq edir. Bütün bunlar Azərbaycan­da internet infrastrukturunun inkişafı­nın, azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin sübutudur. 

Kibertəhlükəsizlik üzrə ekspert, Fərid Pərdəşünas bildirdi: 

– Azərbaycanda internet təkmilləş­mə prosesindədir və onlayn Azərbay­can layihəsi çərçivəsində regionlarda, həmçinin internetin əlçatmaz olduğu yerlərdə GPON texnologiyası vasitə­silə internet xətləri çəkilir. Ölkədə in­ternetin daha da inkişafı üçün təməl infrastruktur yaradılmalıdır. Biz hələ ki, o təməl şərtlər mərhələsindəyik. Son aylarda onlayn Azərbaycan layihə­sində müşahidə olunur ki, bu sahədə ciddi işlər görülür. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi görülən işləri daha da təşkmilləşdirir. “Hökumət buludu” yaradılıb, bütün dövlət qurumlarının rəqəmsal həlləri təklif olunub. Yəni, hər kəs onlayn qaydada internet üzərindən bütün işlərini görə bilir. 

İnternet istifadəsi kütləviləşir, bank sistemi rəqəmsal bankçılığa doğru gedir. İnternetdən istifadədə kibertəh­lükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir. Son zamanlar insanlar inter­netdən rahatlıqla istifadə edib, bütün işlərini görə bilsələr də təhlükəsizliklə bağlı müəyyən məsələlərə diqqət ye­tirmirlər. Buna görə də, internetin küt­ləvi istifadəsində yaranan problemlər diqqətdə saxlanmalıdır. 

Bu problemlər nədən ibarətdir? Bi­rincisi, ağıllı internet istifadəsi, sonra isə rəqəmsal kiberdələduzluq prob­lemləridir ki, bu zaman kiberdələduz­luğu həyata keçirmək istəyən insanlar üçün bazar yaranır. Yəni, uşaqlardan tutmuş, yaşlılara qədər hamı internetlə təmasda olsa da, əksəriyyət tam ola­raq istifadə qaydalarını bilmədiyindən, öz məlumatlarını üçüncü tərəfə rahat­lıqla ötürür. Nəticədə isə kifayət qədər kiber dələduzluq halları müşahidə olu­nur. Banklardan pulların, vətəndaşların şəxsi məlumatlarının oğurlanmasını misal çəkə bilərəm. Bu sahədə maarif­lənməyə ciddi tələbat var. İnsanlara in­ternetdən, sosial şəbəkələrdən doğru istifadə etmək qaydası aşılanmalıdır. 

 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

12-1ferid.jpg

Sosial həyat