Moskvada Suriya ilə bağlı dördtərəfli görüş başlayıb

post-img

Dünən Rusiyanın ictimai-siyasi həyatı qaynar hadisələrlə zəngin olub. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına bildirib ki, Prezident Vladimir Putin bu həftə Rusiya Təhlükəsizlik Şurasının geniş iclasını keçirəcək. Məlumatı TASS verib.

Peskov bununla bağlı suala cava­bında deyib: “Bəli. Təhlükəsizlik Şurası planlaşdırılıb”. O, Təhlükəsizlik Şurasın­da müzakirəyə çıxarılacaq mövzunun sonra açıqlanacağını bildirib. Qeyd edək ki, Vladimir Putinin sədrliyi ilə Təhlükə­sizlik Şurasının dar tərkibdə iclası martın 31-də keçirilib. Bu günlərdə isə Rusiya Prezidenti ölkənin yeni Xarici Siyasət Konsepsiyasını təsdiqləyib. Dünən Mos­kvada həm də Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının müavinləri səviy­yəsində görüş başlayıb. Görüşün aprelin 4-də də davam edəcəyi gözlənilir. Bütün nümayəndə heyətləri nazirlər səviyyəsin­də növbəti görüşü hazırlamaq üçün Mos­kvada danışıqlara başlayıblar. Məlumatı “Anadolu” verib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Suriya ilə bağlı di­aloq Rusiyanın iştirakı və köməkliyi ilə başlayıb. Sonra prosesə İran da qoşulub: “Bu yaxınlarda Misirə səfərim zamanı nazir müavinləri səviyyəsində dördtərəfli görüşün tarixinin dəyişdirildiyini bildirdik. Artıq yeni tarix dəqiqləşib və Moskvada işə başlanılıb”.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xa­rici işlər naziri Sergey Lavrovla Moskva­da apardığı danışıqlardan sonra qeyd et­mişdi ki, görüşün əsas məqsədi “Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması” olacaq. Öz növbəsində, Rusiya Federa­siyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümid etdiyini bildirib ki, bu “vasitəçilik missiyası çox mühüm strateji məqsədə – Suriya–Türkiyə münasibətlərinin normal­laşmasına yönəlib”.

Dünən, eyni zamanda, Rusiyanın Sankt-Peterburq şəhərindəki kafelərdən birində partlayış baş verib. Nəticədə bir nəfər – hərbi jurnalist Valdlen Tatarski həlak olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerində xəsarət alanların sayı 32 nəfərə çatıb. Onlardan səkkiz nəfərin vəziyyəti ağır, on nəfərin vəziyyəti orta ağırdır. Xəsarət alanların ən kiçiyinin 14, ən yaşlısının isə 72 yaşı var. 

Şahidlər bildiriblər ki, Vladlen Tatar­skinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Belə ki, tədbir iştirakçı­larından biri özünü rəssam Nastya kimi təqdim edərək ona yaxınlaşıb və Tatars­kinin büstünü düzəltdiyini, təqdim etmək istədiyini deyib. Bundan sonra qız böyük qutu gətirərək ona verib. Heykəl müxbirin əlində partlayıb.

Hadisə yerinə 13 təcili yardım briqa­dası cəlb edilib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Bəzi məlumatlara görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.

Hazırda əlaqədar qurumlar hadisənin baş vermə səbəblərini araşdırırlar. Şahid­lərin dediyinə görə, partlayış nəticəsində həlak olmuş hərbi jurnalist Vladlen Tatar­ski kafedə hərbi müxbir peşəsi haqqında mühazirə oxuyurmuş. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kafedə işə düşən partlayıcı qurğunun gücü 200 qram trotildən çox olub.

Dünən günün sonunda aldığımız mə­lumata görə, Vladlen Tatarskinin qətlində şübhəli bilinən Darya Trepova saxlanılıb. Rusiya Federasiyasının İstintaq Komitəsi Darya Trepovanın saxlanıldığını təsdiq edir.

RF Prezidentinin mətbuat katibi Dmit­ri Peskov hadisəni terror aktı kimi qiy­mətləndirib: “Bu, terror aktıdır, biz Milli Antiterror Komitəsinin bəyanatını gör­dük. Hazırda istintaqın aktiv fazasıdır. Gözləyək”. Onun sözlərinə görə, komitə terror aktında Ukraynanın iştirakı ola bilə­cəyini bəyan edib.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutundan isə bildirilib ki, Rusiya rəs­miləri və təbliğatçıları Tatarskinin qətlində Ukraynanı ittiham etməyə tələsiblər. Ta­tarskinin “Vaqner” rəhbəri Yevgeni Priqo­jinin “Strit-bar” kafesində öldürülməsi bu məsələdə Kreml daxilindəki qüvvələrin iştirakını istisna etmir.

Priqojin isə deyib ki, partlayış olan kafeni “Cyber Front Z” vətənpərvərlik hərəkatına verib və onlar orada müxtəlif seminarlar keçiriblər. Faciə də seminarda baş verib: “Daria Duqinanın ölümünə gə­lincə, bəli, hər şey oxşardır. Amma mən bu hərəkətlərə görə Kiyev rejimini qına­mazdım. Düşünürəm ki, burda bir qrup radikal hərəkət edir”. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər