Gəncədə “Elm Günü”nə həsr olunan konfrans

post-img

Ölkə Prezidentinin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsinin birgə təşkil etdiyi elmi-praktik konfrans da bu tarixi günə həsr olunmuşdur. AMEA Gəncə Bölməsinin inzibati binasında keçirilən tədbirə gələnlər əvvəlcə Gəncə alimlərinin nailiyyətlərini nümayiş etdirilən sərgi ilə tanış olublar. 

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransı giriş nitqi ilə açaraq, Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, respublikamızın ikinci böyük şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını ulu öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirməklə yanaşı, elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbərinin apardığı uğurlu siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirmişdir. 

AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov ”Gəncə qədim elm mərkəzi kimi”, AMEA Gəncə Bölməsi sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova ”Gəncədə prioritet elm sahələri”, AMEA Gəncə Bölməsi Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova ”Gəncədə böyük kitabxanalar”, AMEA Gəncə Bölməsi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov ”Görkəmli elm xadimlərinin yubileyləri və monoqrafiyalarının təqdimatı” mövzularında məruzələrlə çıxış etmişlər. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək şəhər rəhbərinin konfrans iştirakçılarına təbrikini çatdırıb. 

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Konfransın gedişində Gəncə “Heydər Əliyev İli”nə həsr olunan “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qaliblərinə, eləcə də elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim edilib. Konfransın iştirakçıları adından AMEA prezidenti, akademik İsa Həbibbəyliyə müraciət qəbul olunub. 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər