İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, məhkəmə islahatları haqqında qanun layihəsini parlamentin bir neçə həftədən sonra başlayacaq növbəti sessiyasına qədər təxirə salır. Bu barədə o, xalqa müraciətində deyib. Məlumatı “Euronews” verib.
Netanyahu bildirib: “Mən dialoq üçün taym-aut götürürəm”.
Hökumət başçısının sözlərinə görə, “ölkəni hissələrə bölmək istəmir” və “həll yolunu tapmaq üçün hər şeyi edəcək”. O, “xalqı parçalamağa hazır olan ekstremist azlığı ittiham” etməyi də unutmayıb.
Netanyahunun qərarından sonra İsrailin “Qistadrut” Ümumxalq Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə tətillərin dayandırıldığını elan edib. Müxalifət partiyalarının liderləri də baş nazirin dialoq təklifi ilə razılaşıb.
Prezident İshaq Hersoq da hökumətin qərarını bəyənib və hamını məsuliyyətli dialoqa çağırıb.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”