Son zamanların məşhur platforması “ChatGPT” söhbət çatbotunda məlumat sızması baş verib. Belə ki, “ChatGPT” istifadəçilərinin şəxsi və kredit kartı məlumatlarının digər istifadəçilərə açıqlanmasına səbəb olan səhv aşkar edilib. Xəbəri “cnn.com” saytı verib.
Məlumat sızması istifadəçilərin söhbət tarixçələrində onlara aid olmayan söhbət mövzularını görməsi ilə aşkar edilib. Bəzi istifadəçilər başqa aktiv istifadəçinin adını və soyadını, e-poçt ünvanını, ödəniş ünvanını, kredit kartı nömrəsinin son dörd rəqəmini və kredit kartının son istifadə tarixini görə biliblər. Nəticədə, onlar söhbət tarixçələrinin şəkillərini “Reddit” və “Twitter” kimi sosial media saytlarında paylaşıblar.
“OpenAI”-nin icraçı direktoru Sam Altman yaranmış vəziyyətlə bağlı üzr istəyib və vacib səhvlərin düzəldildiyini söyləyib. Açıqlamada “ChatGPT Plus” abunəçilərinin 1,2 faizinin vəziyyətdən təsirləndiyi bildirilib. Bununla belə, “Microsoft” şirkəti “ChatGPT” üçün 10 milyard dollar vəsait ayırıb və platformanın hazırda qlobal miqyasda, təxminən, 100 milyon istifadəçisi var.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”