Dünən Ukraynada gərgin bir gün yaşanıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, Rusiya qoşunları ondan çox yaşayış məntəqəsini atəşə tutub. Dnepropetrovsk şəhərində dalbadal bir neçə partlayış baş verib. Məlumatı UNİAN verib.
Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxta İranın “Şahid” dronları ilə hücum edilib. “Şahid”lər Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. PUA qalıqları Kiyevin Obolonsk və Svyatoşin rayonlarına düşüb, partlayış olub, nəticədə 200 kvadratmetr qeyri-yaşayış binasında yanğın baş verib.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, ruslar Baxmutun şimal-qərbində, sənaye zonasında, Zelyonaya və Aleksandr Kolpakov küçələri boyunca şəhərin mərkəzinə doğru irəliləyiblər. Britaniya kəşfiyyatı isə rus ordusunun 10-cu tank alayının Avdeyevkaya hücumu zamanı böyük zirehli texnika itkisi ilə üzləşdiyini bildirib. Dünən Britaniya həm də Ukraynaya vəd etdiyi 28 “Challenger-2” tankından 14-nü və bir neçə “Buldoq” zirehli maşınını Kiyevə göndərib. Almaniya isə Ukraynaya yardımını 15 milyard avroya qədər artırmaq niyyətindədir.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”