Şahin Bağırov: Bütün sərhəd buraxılış məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi üzərində iş aparılır

post-img

Azərbaycan Rusiya Federasiyası ilə yanaşı, digər ölkələrlə sərhədlərdə mövcud olan keçid məntəqələrini inkişaf etdirməklə bütün sərhəd buraxılış məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi üzərində işləyir. Bu sahələrdə müvafiq layihələr mövcuddur. Dövlət başçısı tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir ki, infrastrukturun modernləşdirilməsi ixrac potensialının artırılmasına, tranzit üçün əlverişli şəraitin yaradılmasına, ölkələr və qonşular arasında, o cümlədən də yüklərin axınına şərait yaradacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xaçmazda jurnalistlərə açıqlamasında Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Xanoba" dövlət sərhədi buraxılış məntəqəsinin istifadəyə verilməsi mərasimində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov söyləyib.

O bildirib ki, “Xanoba” keçid məntəqəsində Azərbaycana daxil olma və çıxma xətlərinin sayı 13-ə çatdırılıb. Bu keçiddən minik maşınları, avtobuslar, eləcə də böyük qabaritli yük maşınları rahat keçə biləcək.

“Bu layihəni Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi birlikdə ərsəyə gətirib. Burada müasir texnoloji avadanlıqlar quraşdırılıb. Eyni zamanda, nəqliyyat vasitələrinin üzərində və içində gedən malların yoxlanılması üçün də müasir qurğular var. Rentgen-nəzarəti qurğusu vasitəsilə fiziki yoxlama aparmadan bəyan olunmayan yükləri aşkarlaya biləcəyik”, - deyə Şahin Bağırov söyləyib.

Şahin Bağırov gələcəkdə Gürcüstanla qarşılıqlı razılaşma əsasında yeni keçid məntəqəsinin inşasının nəzərdə tutulduğunu da qeyd edib. Bildirib ki, bu istiqamətdə müəyyən işlər aparılır.

Son xəbərlər