Mingəçevirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib. Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, birinci və ikinci Qarabağ müharibələrinin veteranları, əlillər, qazilər, mətbuat işçiləri iştirak ediblər. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərə həsr olunmuş sərgiyə baxış olub. Sonra “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Hələ ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin əhəmiyyəti artmış, milli dövlətçilik düşüncəsi dirçəldilmiş, təhsil, mədəniyyət, xalq təsərrüfatı yüksək inkişaf etmişdir. Azərbaycançılıq ideologiyası da müstəqillik dövründə məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşmışdır. 1993-cü ilin iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi müstəqillik tarixində dönüş nöqtəsi oldu. Ulu öndərin gəlişi Azərbaycana suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdış bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təlimi ön plana çəkilmişdir.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır”, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Dünya azərbaycanlılarının mənəvi həmrəyliyi ölkəmizin inkişafının əsasıdır”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Qloballaşan dünyada milli varlığımızın qarantı azərbaycançılıqdır”, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün həyat məktəbidir” mövzularında məruzələrlə çıxış etmişlər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

