Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və Azərbaycan türkcəsini dövlət dili elan edən hökmdar, şair Şah İsmayıl Səfəvi haqqında “Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
AMM-nin “Wikipedia” heyəti tərəfindən yaradılan bölmədə Şah İsmayıl Səfəvinin həyatı, hökmdarlığı, onun başçılığı ilə edilən yürüşlər, siyasi fəaliyyəti, ailə və nəsil şəcərəsi, xidmətləri, ədəbiyyatımızda yeri, əsərləri, dövlətimiz tərəfindən adının əbədiləşdirilməsi və s. mövzular öz əksini tapıb.
Məqalədə Şah İsmayıl Səfəvinin həyatı və hakimiyyət illərini tam əhatə edən məlumatlar, xəritələr, tarixi rəsmlər, əlyazma əsərlərindən nümunələr və s. zəngin materiallar elmi istinad prinsipinə uyğun şəkildə verilib.
Qeyd olunur ki, Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Şah İsmayıl Xətainin əsərləri Azərbaycanda dövlət mülkiyyəti elan edilən müəlliflərin siyahısına daxil edilib.
Məqalədə eyni zamanda Şah İsmayıl Səfəvinin müasir Azərbaycan dövlətində, dövlətçilik tarixində, klassik Azərbaycan ədəbiyyatında rolundan söz açılır, Azərbaycan dövlətinin Şah İsmayıl Səfəviyə verdiyi böyük dəyər və qiymət vurğulanır.
“Wikipedia”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində məlumatlarla https://uz.wikipedia.org/wiki/Shoh_Ismoil_Safaviy linki vasitəsilə tanış olmaq mümkündür.
Qulu KƏNGƏRLİ
Daşkənd

