BMT-nin sessiyasında azərbaycanlıların Ermənistandan və Qarabağdan deportasiyasından danışılıb

post-img

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində "Yaşayışla bağlı hüquqların həyata keçirilməsi" mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.

AZƏRTAC xəbər verir ki, Ramil İskəndərli sessiyada iştirakı çərçivəsində adekvat yaşayış hüququ ilə bağlı xüsusi məruzəçi ilə interaktiv dialoqa QHT nümayəndəsi kimi qatılıb. O, həmçinin bu kontekstdə ayrı-seçkilik və yaşayış hüququnun həyata keçirilməsi məsələlərinə dair adekvat yaşayış hüququ üzrə xüsusi məruzəçi, Braziliya, Finlandiya, Almaniya və Namibiyanın BMT-də daimi nümayəndəlikləri tərəfindən BMT-nin Cenevrədəki ofisində təşkil edilmiş dəyirmi masada çıxış edib.

QHT rəhbəri çıxışında bildirib: “Hər bir fərdin təhlükəsiz və adekvat yaşayış imkanına malik olmaq hüququ var. Keçmiş yaşayış yerlərinə qayıtmaq istəyən Ermənistandan qaçqın düşmüş şəxslər və Azərbaycanın Qarabağ bölgəsindən olan keçmiş məcburi köçkünlər də bu hüquqa malikdirdirlər”.

O, həm Ermənistandan qaçqın düşmüş şəxslərin, həm də Qarabağdan olan keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış və yaşayış hüquqları barədə danışıb, özünün, ailə üzvlərinin, qohum və yaxınlarının bir çoxunun vaxtilə Ermənistandan və Qarabağdan köçürülməsi faktını iştirakçıların diqqətinə çatdırıb.

“2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, minalardan təmizlənmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” prinsiplərinə uyğun geniş infrasturktur və evlərin, mənzillərin tikinti işləri davam etsə də, təəssüf ki, azərbaycanlılar hələ də öz evlərinə qayıda bilmirlər. Şəhər və kəndlər Ermənistan tərəfindən sistemli şəkildə dağıdılıb və talan edilib. Ermənistanın işğaldan azad olunmuş əraziləri minalaması qayıdış prosesini ləngidir”, - deyə o qeyd edib.

Tədbirdə, eyni zamanda, BMTQAK, UN Habitat, ABŞ-ın BMT-də daimi nümayəndəliyinin təmsilçiləri, beynəlxalq QHT-lərin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, xüsusi məruzəçi mandatı adekvat yaşayış səviyyəsi hüququnun tam həyata keçirilməsini təşviq etmək üçün yaradılıb.

Son xəbərlər