Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın dövlət başçısı Bəşər Əsədlə görüşü Türkiyədə prezident seçkilərindən sonra baş tuta bilər. Bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət üzrə Şuranın üzvü Çağrı Erhan bəyan edib. Məlumatı “Qazeta.ru” verib.
Onun sözlərinə görə, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək: “Türkiyə Prezidenti Əsədlə görüşün əleyhinə deyil, ancaq bu yaxınlarda ölkədə baş vermiş dağıdıcı zəlzələ Ərdoğanın qrafikini dəyişib. Prezident həftənin üç gününü zəlzələ zonasında keçirir”.
Ərhan bildirib ki, seçkilərə qədər qalan 74 gün ərzində Əsədlə şəkil çəkdirmək üçün getməyə də imkan yoxdur: “Yəqin ki, görüş seçkidən sonra baş tutacaq”.
Qeyd edək ki, Ərdoğan dekabrda demişdi ki, Rusiya lideri Vladimir Putinə Suriya Prezidentinin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif edib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

