Martın 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 13-cü iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, habelə ölkədə qəbul edilən dövlət proqramları və strategiyaların DİM-lərə uyğunlaşdırıldığını, bu istiqamətdə xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyini diqqətə çatdırıb.
“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn DİM göstəriciləri üzrə mövcud vəziyyət və yeni göstəricilərin prioritetləşdirilməsi imkanları” mövzusunda Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov çıxış edərək, 2022-ci ildə DİM göstəriciləri üzrə qlobal metodologiyalar öyrənilərək müvafiq dövlət orqanları ilə birgə 5 yeni göstərici üzrə məlumatların hazırlanmasına nail olunduğunu, bununla da məlumat istehsalı təmin edilmiş, milli prioritet kimi müəyyənləşdirilmiş göstəricilərin sayının 86-ya çatdırıldığını ifadə edib.
Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2022-ci il üzrə yekun Hesabat və “2023-ci il ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov tərəfindən geniş təqdimatlar edilib.
Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2022-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat və “2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət planı” Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, DİM göstəriciləri ilə bağlı milli prioritetlərin yenilənməsi və maarifləndirmə tədbirlərinin davam etdirilməsi, dövlət büdcəsinin DİM-lərə inteqrasiyası ilə bağlı bir sıra tapşırıqlar verilib.
“Xalq qəzeti”

