Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Özbəkistan “Soqdiana” Xalq Çalğı Alətləri Kamera Orkestrinin iştirakı ilə ulu öndərin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq konserti” təşkil olunub.
AMM-nin direktoru Samir Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib.
Özbəkistan Mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışıb, 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Prezident İlham Əliyevlə görüşündə onun fikirlərindən sitat gətirib. “Özbəklər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edib. Özbəkistanda insanlar Heydər Əliyevi həmişə xatırlayır, onu hörmətlə yad edirlər”.
“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq, qardaşlıq əlaqələri haqqında danışıb, belə tədbirlər və konsertlərinin təşkili hər iki xalqı daha da yaxınlaşdırdığını vurğulayıb.
Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi “Soqdiana” Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin əsərləri səsləndirilib.
Qulu KƏNGƏRLİ
Daşkənd


