IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət martın 6-da sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında və tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” massivi, Süleyman Əhmədov küçəsində 1200 sakinin yaşadığı 21, 22, 23, 24, 25, 26, 27 nömrəli çoxmərtəbəli binaları əhatə edir.
“Abadlaşdırılan növbəti həyətdə müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.
***
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakıda “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) 2023-cü il yaz mövsümü üzrə ilk ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkında Yaponiya dövləti tərəfindən Azərbaycana hədiyyə edilmiş sakura ağaclarından ibarət bağ salınıb. Könüllülərin iştirakı ilə parkda qurumuş ağacların əvəzinə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni şam ağacları əkilib.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə fəal iştirak etməyə çağırır.
“Xalq qəzeti”


