Qarabağ abidələri - Ağdam şəhərindəki qədim hamam

post-img

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. 30 ilə yaxın davam edən işğal zamanı xalqımıza məxsus tarixi, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhərindəki mədəniyyət abidələrindən biri də qədim hamamdır. Bu hamamın tikilməsi və tarixi ilə bağlı müxtəlif versiyalar var. Yerli sakinlər hamamın XIX sərin sonlarında Xan qızı Xurşidbanu Natəvan tərəfindən tikdirildiyini bildirirlər. Ağdamda bu hamama “Natavan hamamı” da deyilirdi.

Digər versiyaya görə, Ağdamdakı qədim hamam XX əsrin əvvəllərində inşa edilib. Ağdam şəhər sakini Arif Hacıyev hamamın XX əsrin əvvəllərində yerli bəylər tərəfindən tikildiyini deyir: “Ağdam şəhəri işğal olunana qədər burada 6 hamam olub. Onlardan ən qədimi 3 nömrəli bağçanın həyətindəki hamamdır. Həmin ərazidə Qara bəy, İldırım bəy, Vəli bəy kimi bəylər yaşayıb. Güman olunur ki, hamam da həmin bəylərdən biri tərəfindən tikilib. Hamamın tikintisində kərpic, əhəng və gəcdən istifadə olunub. Hamamdan Böyük Vətən müharibəsinə qədər təyinatı üzrə istifadə edilib. Sonrakı dövrdə hamam anbar, daha sonra isə çayxana kimi istifadə olunub”.

Ağdam şəhərindəki qədim hamam Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar edilmiş abidə kimi qeydə alınıb.

Son xəbərlər