Cəlil Xəlilov: Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

post-img

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi.

Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb.

Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur.

Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir.

“5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Son xəbərlər