Azərbaycan–Böyük Britaniya münasibətləri dinamik inkişaf edir

post-img

Fevralın 22-də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb. 

Görüşdə Azərbaycanla Böyük Bri­taniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub. 

Söhbət zamanı neft, qaz, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, yaşıl ener­jiyə keçid istiqamətində əməkdaşlı­ğın perspektivləri, təhsil və humanitar sahələr ətrafında fikir mübadiləsi apa­rılıb. 

Nazir ölkələrimiz arasında enerji sahəsində əlaqələrin xüsusi əhəmiy­yətini diqqətə çatdıraraq Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həya­ta keçirilən irimiqyasli enerji layihələri haqqında ətraflı məlumat verib. Onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu vurğu­layıb. Böyük Britaniyanın şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub. Eyni zaman­da, Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mi­nalardan təmizlənməsinə verdiyi töhfə­ni, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub. Ölkələ­rimiz arasında təhsil sahəsində uğurlu əməkdaşlığın daha da inkişafının vacib olduğu bildirilib.

Görüş zamanı tərəflər Ermənistan­la Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqla­rın cari vəziyyəti, Laçın yolunda etiraz­ların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.

Böyük Britaniyanın dövlət naziri Leo Dokerti, öz növbəsində, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və Azərbaycan–Böyük Britaniya mü­nasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının va­cib olduğunu, bu istiqamətdə Birləşmiş Krallığın dəstək göstərməyə hazır oldu­ğunu bildirib.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafın­da fikir mübadiləsi aparılıb.

Son xəbərlər