Dünən Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak və onların rəhbərlik etdikləri Komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.
İclas iştirakçılarını səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə, Hökumətlərarası Komissiyanın növbəti iclasının işində uğurlar arzulayıb. Nazir bildirib ki, tarixi köklərə və xoş ənənələrə malik olan Azərbaycan–Polşa münasibətləri müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin hazırki vəziyyətinin məmnunluq doğurduğunu bildirən K.Heydərov iqtisadi əlaqələrimizə təkan vermək, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
İki ölkə liderlərinin – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Polşa Respublikasının Prezidenti cənab Andjey Duda arasında keçirilmiş səmərəli görüşlər və mövcud qarşılıqlı siyasi etimad ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün möhkəm əsaslar yaradıb.
2018-ci ildən Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini xatırladan nazir “Made in Azerbaijan” brendinin Polşa bazarında təşviqi, həmçinin Azərbaycan məhsullarının Mərkəzi və Şərqi Avropada tanıdılması baxımından Ticarət Evinin əhəmiyyətini qeyd edib.
K.Heydərov Azərbaycanda beynəlxalq yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturunun formalaşdırıldığını vurğulayaraq, ikitərəfli Komissiya tərəfindən yaradılmış Nəqliyyat və logistika üzrə Polşa–Azərbaycan işçi qrupunun cari ilin mart ayında Bakıda keçiriləcək ikinci iclası çərçivəsində beynəlxalq yük daşımalarla bağlı iki ölkənin tranzit potensialından tam istifadə edilməsi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviqi sahəsində birgə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Hökumətlərarası Komissiyanın həmsədri Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak Komissiyanın iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
Q.Pexoviak ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinə diqqət çəkərək münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini xatırladıb. Qonaq Avropa İttifaqının ən böyük və ən dinamik inkişaf edən ölkələrindən biri olan Polşa və Cənubi Qafqazın ən böyük ölkəsi, dünyanın strateji əhəmiyyətli coğrafi zonasında yerləşən Azərbaycan arasında müxtəlif istiqamətlər, o cümlədən, logistika və nəqliyyat, energetika, tikinti, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, agrotexnologiya, tibb və əczaçılıq, IT sənayesi və s. üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib.
İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb, komissiya üzvlərinin fikir və təklifləri dinlənilib.
İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak imzalayıblar.
Azər SARIYEV