2026-cı il martın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 32 milyard 2 milyon manat təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 138,8 milyon manat və ya 0,4 faiz, 2025-ci il martın 1-nə nisbətən isə 2,6 milyard manat və ya 8,8 faiz artıb. Hesabat dövründə kredit qoyuluşunun 7 milyard 887 milyon manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,6 faiz, illik müqayisədə isə 677,2 milyon manat və ya 9,4 faiz artım deməkdir.
Cari ilin ilk rübündə iqtisadiyyata kredit qoyuluşlarının 22 milyard 231 milyon manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 88,8 milyon manat və ya 0,4 faiz, ötən illin martın 1-nə olan göstəriciyə nisbətən isə 1,8 milyard manat və ya 9,1 faiz çoxdur. Bundan əlavə, martın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1 milyard 884 milyon manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,1 milyon manat və ya 4 faiz artıb.
Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,6 faizini, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5 faizni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,9 faizini təşkil edib.
XQ

