Yeni layihələrə 9,2 milyard manatlıq vəsait yatırılacaq
Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 2029-cu il yanvarın 1-dək tarixinədək uzadılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin 6 fevral 2026-cı il tarixli fərmanına əsasən investisiya təşviqi sənədi yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsalanan istehsal sahələri, bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı, tullantıların idarə olunması və təkrar emalı, dəniz suyunun duzsuzlaşdırılması, özəl sənaye məhəllələrinin yaradılması və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən layihələri, dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla), dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin, eləcə də hərbi təyinatlı məhsulların istehsalı layihələri kimi strateji istiqamətləri əhatə edəcək.
Bununla yanaşı, investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin yaradılması, həmçinin ölkədə istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən layihələrə də şamil olunacaq.
Heç şübhəsiz, sözügedən istiqamətlər üzrə layihələrin həyata keçirilməsi yerli xammaldan istifadəni artıracaq, idxalın əvəzlənməsinə və qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasına xidmət edəcək. Eyni zamanda, bu təşəbbüslər dövlət-özəl tərəfdaşlığı modelinin inkişafına, ölkəyə yeni texnologiyaların cəlb edilməsinə və sənaye sektorunda innovativ həllərin tətbiqinə əlavə təkan verəcək.
Yeri gəlmişkən, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən və müəyyən edilmiş sahələrdə layihələr həyata keçirilərkən əhəmiyyətli vergi və gömrük güzəştlərindən istifadə etmək hüququ qazandıran sənəddir. Belə ki, bu sənəd əldə olunduğu tarixdən etibarən 7 il müddətində Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştlərdən yararlanmağa əsas verir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunur. Bundan əlavə, həmin layihələr üzrə mənfəət və ya gəlir vergisinə 50 faiz güzəşt edilir.
Xatırladaq ki, Azərbaycanda investisiya təşviqi mexanizmi 2016-cı ildən tətbiq olunur. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkəmizdə 29 sahibkarlıq subyektinə investisiya təşviqi sənədi təqdim edilib. Həmin layihələrin reallaşması nəticəsində yerli istehsala 1,9 milyard manatdan çox investisiyanın yatırılacağı, 2 min 559 iş yerinin açılacağı nəzərdə tutulur. Eyni zamanda, hesabat dövründə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 110,8 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 316 təsdiqedici sənəd verilib və sahibkarlar idxalda tətbiq olunan vergi və rüsumlardan (25,6 milyon ABŞ dolları) azad olunublar.
Bütövlükdə isə, 2026-cı il yanvarın 1-dək ölkə üzrə 528 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilib. Təşviq edilmiş layihələrin 13,1 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86,9 faizi isə regionların payına düşür. İnvestisiya təşviqi sənədlərinin 63,8 faizi sənaye, 32,9 faizi kənd təsərrüfatı, 1,7 faizi logistika, 1,6 faizi isə turizm sahələrində icra olunacaq layihələri əhatə edir. Proqnozlara əsasən, həmin layihələrin reallaşması nəticəsində yerli istehsala 9,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 46 mindən çox iş yerinin açılacağı nəzərdə tutulur.
Ötən müddətdə ölkəmizdə 1,4 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6 min 497 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 337,9 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib. Ümumilikdə, investisiya təşviqi sənədi verilmiş 338 layihə üzrə (54 faiz) indiyədək təsdiqedici sənədlərlə idxal olunmuş avadanlıqların dəyəri (investisiya olunmuş məbləğ) həmin layihələr üzrə nəzərdə tutulmuş minimal investisiya məbləğini ötüb.
Artıq investisiya təşviqi sənədi verilmiş 550-dən artıq layihə fəaliyyətə başlayıb. Həmin layihələr çərçivəsində yaradılan müəssisələr üzrə istehsal edilən ayrı-ayrı sənaye və kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə (MDB, Avropa, ərəb ölkələri və s.) ixrac olunur. Hazırda isə digər layihələrin reallaşdırılması üzrə işlər davam etdirilir.
Mirbağır YAQUBZADƏ
XQ

