Azərbaycanın rəqəmsal gələcəyinin iqtisadi modeli

post-img

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” müşavirəsində ölkəmizin rəqəmsal inkişafına dair əsas strategiyalar və prioritetlər müzakirə edildi. Ölkə başçısı çıxışında rəqəmsal inkişafı uzunmüddətli iqtisadi artımın mühərriki kimi dəyərləndirdi və süni intellekt, data mərkəzləri və genişmiqyaslı rəqəmsallaşmanın ölkənin rəqabət qabiliyyətini müəyyən edəcəyini vurğuladı. Həmçinin rəqəmsal layihələrin koordinasiyası üçün tədbirlər planı hazırlanması və hər dövlət orqanının rəqəmsal transformasiya üzrə məsul şəxslər təyin etməsi tapşırıldı.

Müşavirədə vurğulandı ki, təhsil sisteminin süni intellektə uyğunlaşdırılması, dövlət idarəçiliyində süni intellekt alətlərinin tətbiqi zəruridir. Xarici tərəfdaşlıqlar da strateji önəm daşıyır: ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası data mərkəzləri, rəqəmsallaşma və süni intellekt sahələrini əhatə edir. Eləcə də hökumətlərarası səviyyədə yeni texnologiyalar, məlumat mərkəzləri və süni intellekt layihələrinin həyata keçirilməsinə yönəlir. Təsadüfi deyil ki, dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında “Google” şirkətinin “Gemini” süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi bildirilib. Qeyd olunub ki, bu məsələ ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir.

2024-cü ildən “Google Gemini” dünyanın aparıcı süni intellekt əsaslı çatbotlarından biri olub. Onun Azərbaycan dilində qlobal istifadəyə verilməsi ABŞ–Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir və 2025-ci ilin avqust ayında süni intellekt üzrə əməkdaşlığı vurğulayan ikitərəfli sazişə əsaslanır. “Gemini 3”ün qlobal təqdimatı çərçivəsində Azərbaycan dili əlavə olunan 23 yeni dildən biridir ki, bu da Azərbaycanın qlobal rəqəmsal ekosistemdə rolunu önə çıxarır. Tam internet və mobil dəstəklə “Gemini” öyrənmə, yaradıcılıq və məhsuldarlıq üçün yeni imkanlar yaradır.

ABŞ-la yanaşı, Azərbaycanın Avropa İttifaqı üzrə 10 ölkə və ötən il Çinlə strateji tərəfdaşlıq sənədləri imzalaması isə təcrübi əməkdaşlığın coğrafiyasını genişləndirir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti sözügedən sahə üzrə möhkəm bünövrəyə sahibdir. Prezidentin 19 mart 2025-ci il sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” iqtisadiyyatın rəqabətliliyinin artırılması, süni intellektin tətbiqi üçün əlverişli mühitin yaradılması, kadr potensialının formalaşdırılması və cəmiyyətin məlumatlandırılması kimi 4 əsas məqsədi daşıyır.

Strateji sənəd süni intellektin biznesə, dövlət idarəçiliyi və ictimai sektora inteqrasiyasına, etik tənzimləmənin gücləndirilməsinə, yüksək performanslı hesablama (HPC) və milli data infrastrukturlarının inkişafına istiqamətlənib. Strategiyanın konkret icra planında 2025–2028-ci illər üçün 30-dan çox tədbir, məsul dövlət qurumları, nəticə göstəriciləri və maliyyələşmə mənbələri göstərilib. Hədəflər sırasında ölkədə fəaliyyət göstərən süni intellekt şirkətlərinin sayının artımı, yüksək səviyyəli kadr hazırlığı, innovativ tədqiqatların dəstəklənməsi və beynəlxalq normalara uyğunluğun təmin edilməsi var.

Daha bir məqam isə şübhəsiz ki, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiqlənməsidir. Strategiya rəqəmsal transformasiyanı koordinasiya etməklə ölkənin İKT, elektron ticarət, kibertəhlükəsizlik və innovasiyalar sahəsində inkişafını hədəfləyir. Strateji sənəd GenAI (generativ süni intellekt) istifadəsinin iqtisadi təsiri üçün ambisiyalı hədəflər müəyyən edib.

Strategiyanın əsas təşəbbüsləri Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasını sürətləndirməyə, innovasiya və startap ekosistemini gücləndirməyə, yüksəkixtisaslı kadr hazırlığını təmin etməyə və data əsaslı qərarverməni optimallaşdırmağa yönəlib. Bu tədbirlər nəticəsində məhsuldarlığın artırılması, rəqəmsal xidmətlərin inkişafı, yeni biznes və iş yerlərinin yaradılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.

Ölkə başçısının sədrliyi ilə keçirilən müşavirə əslində, Azərbaycanın innovasiya baxımından qurduğu möhkəm təməl üzərində dayanıqlı gələcəyin inşa edilməsi məqsədi daşıyır. Məlumdur ki, cənab İlham Əliyevin dövrün tələblərini və beynəlxalq təcrübəni ölkəmizdə tətbiq etməsi artıq ənənə halını halıb. Belə bir vəziyyətdə süni intellekt, rəqəmsallaşma kimi məsələlərə məsuliyyətli yanaşma regionda və qlobal aləmdə ölkəmizin imicini bir qədər də yaxşılaşdıracaqdır.

Müşavirədə də qeyd edildiyi kimi, son illərdə rəqəmsal sahələrdə formalaşan əlavə dəyər artıq statistik göstərici olmaqdan çıxaraq iqtisadi dinamikanın əsas lokomotivinə çevrilir. Ötən ilin nəticələri də bu tendensiyanı aydın şəkildə ortaya qoyur. Ölkəmizdə nəqliyyat sektorunda 5 faizlik artım qeydə alınıbsa, informasiya-kommunikasiya texnologiyaları sahəsində bu göstərici təxminən 8,5 faizə yüksəlib. Bu rəqəmlər iqtisadi strukturun mərhələli transformasiyasının göstəricisidir.

Artıq dünya miqyasında rəqəmsal iqtisadiyyat ənənəvi sahələri geridə qoyaraq yeni dəyər zənciri formalaşdırır. Kapital, resurs və insan potensialı getdikcə daha çox texnologiya əsaslı platformalara yönəlir. Xüsusilə süni intellekt bu prosesin mərkəzində dayanır. Hesablamalara görə, 2030-cu ilə qədər süni intellekt texnologiyalarının qlobal iqtisadiyyata təxminən 16 trilyon ABŞ dolları həcmində əlavə dəyər qazandıracağı gözlənilir. Bu isə bəşəriyyətin iqtisadi tarixində yeni mərhələnin başlandığını göstərir.

Bəhruz ƏLİYEV,
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı

Rəqəmsal arxitektura informasiya sistemlərinin, platformalarının və rəqəmsal xidmətlərinin vahid və ya xüsusi məntiq və standart infrastruktur üzərində qurulması kimi mənaları ehtiva edir. Yəni rəqəmsal ekosistem yaratmaq anlamına gələn ifadələrdəndir. Bəzi kompanentlərini də sadalamaq olar ki, bura Texnoloji təbəqə, Məlumat arxitekturası, Təhlükəsizlik və etibarlılıq, İdarəetmə və standartlar kimi anlayışlar daxildir. Rəqəmsal arxitekturanı bir növ rəqəmsal onurğa sütunu hesab etmək olar.

Ona görə də zamanla köhnə sistemlərin mərhələli modernləşməsinə ehtiyac yarana bilər. Texnoloji yeniliklər və inkişaf vahid standartlara uyğunlaşma və kadrların təkmilləşdirilməsini də istisna etməyə bilər. Data mərkəzlərinin qurulması həm də milli kibersüverenliyin predmentlərindən biridir.

Daha sürətli xidmətlər, regional data hub olma potensialı, Bulud xidmətləri bazarının inkişafı kimi məsələlərdə ciddi faydaları ola bilər. Eyni zamanda, məlumatların ölkə daxilində saxlanması, Xarici platformalardan texnoloji asılılığın azalması, Kiberhücumlara qarşı dayanıqlılıq, süni intellekt alətləri serverlərinin yerləşməsi kimi məsələlərdə ciddi xidmət edə bilər. Bütün bu anlayışlar və məsələlər əslində rəqəmsal dəyər ifadə edir. Bu da dünyanın texnoloji inkişafının gətirdiyi inkaredilməz və əhəmiyyətli bir dəyəridir.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat