Birgə əməkdaşlıq qlobal texnoloji yarışda ölkəmizə uğur qazandıracaq
Bir vaxtlar akademik dairələrdə müzakirə olunan süni intellekt mövzusu bu gün iqtisadiyyatın, dövlət idarəçiliyinin, təhlükəsizlik sistemlərinin və sənaye sahələrinin aparıcı hərəkətverici qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasını təsdiqləməsi ölkənin inkişaf trayektoriyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu sənəd Azərbaycanın qlobal texnoloji rəqabət mühitində mövqeyini qorumaq və gücləndirmək məqsədilə seçdiyi strateji xəttin açıq ifadəsidir.
Mövcud reallıqlar fonunda Azərbaycan süni intellekti iqtisadi artımı sürətləndirən əsas alət, rəqəmsal dövlət quruculuğunun dayağı və regional texnoloji liderliyə aparan vasitə kimi dəyərləndirir. Beləliklə, enerji ilə süni intellekt arasındakı qarşılıqlı əlaqə prizmasından yanaşdıqda Azərbaycan yalnız texnologiya istehlakçısı deyil, eyni zamanda istehsalçı və ixracatçı mövqeyinə yüksəlmək potensialına malikdir.
Ötən gün Yerusəlimdə İsrail və Azərbaycan arasında süni intellekt üzrə anlaşma memorandumunun imzalanması ölkəmizin bu sahəyə verdiyi önəmin göstəricisidir. Müqavilə bir neçə əsas sahəni əhatə edir: superkompüter infrastrukturunun inkişafı, Aİ-nin tibb, nəqliyyat, təhsil və digər mülki sektorlarda tətbiqi, mütəxəssislərin hazırlanması və birgə elmi tədqiqatlar.
Azərbaycan isə enerji resursları, maliyyə imkanları və regional təsir gücü ilə bu tərəfdaşlığı tamamlayan tərəf rolunu oynayır. İsrailin Baş naziri Benyamin Netanyahunun “Süni intellekt bu günün alətidir” fikri bu əməkdaşlığın uzaq perspektivlərə yanaşı, məhz indiki çağırışlara da hesablandığını göstərir. Bu baxımdan süni intellekti Azərbaycan–İsrail münasibətlərinin yeni strateji sütunu kimi dəyərləndirmək mümkündür.
Xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında keçirilən görüşlərdə də bu xəttin prioritet olduğu açıq şəkildə vurğulanıb. Enerji, müdafiə, səhiyyə, yaşıl texnologiyalar və süni intellekt sahələrində genişlənən əməkdaşlıq Azərbaycan–İsrail münasibətlərini klassik diplomatik çərçivədən çıxararaq strateji sinerji modelinə çevirir.
Azərbaycanın süni intellekt strategiyası onu göstərir ki, ölkə qlobal texnoloji yarışa gec qoşulmur, mövcud enerji üstünlüyünü rəqəmsal gücə transformasiya etməyi hədəfləyir və süni intellekti həm iqtisadi inkişafın, həm də milli təhlükəsizliyin mühüm aləti kimi qəbul edir. Məlumdur ki, İsrail artıq real mənada rəqəmsal iqtisadiyyat qurmuş ölkələrdən biridir və bu modelin ən bariz göstəricisi innovativ, rəqəmsal məhsulların ixracıdır. Təkcə İsraildə innovasiya məhsullarının illik ixrac həcmi 50 milyard dollara çatır və bu göstərici davamlı şəkildə artır. Bu təcrübənin Azərbaycan üçün öyrənilməsi və uyğunlaşdırılması böyük əhəmiyyət daşıyır.
İsrailin təcrübəsi bu baxımdan Azərbaycan üçün olduqca uyğun modeldir. Kiçik daxili bazara malik olan İsrail məhz ixrac yönümlü innovasiya strategiyası hesabına qlobal uğur qazanıb. Azərbaycanın daxili bazarı da geniş deyil, lakin ambisiyaları böyükdür. Bu ambisiyaların reallaşması üçün süni intellekt əsaslı məhsulların yaradılması və ixracının təşviqi vacibdir.
Məhz bu kontekstdə Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandum strateji əhəmiyyətə malikdir. Sənəd Azərbaycanın innovasiya və rəqəmsal iqtisadiyyat quruculuğunda qlobal təcrübəyə əsaslanan, gələcəyə yönəlik yanaşmasını nümayiş etdirir. Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün strategiyasında süni intellekt texnologiyalarının tətbiqi hesabına iqtisadiyyata illik 70 milyon manat həcmində əlavə dəyər gətirəcəyi xüsusi qeyd olunur.
Fərid KAZIMOV,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü
Bu yanaşma onu göstərir ki, Azərbaycan artıq ənənəvi iqtisadi modeldən uzaqlaşaraq gələcəkyönümlü innovasiya əsaslı iqtisadiyyat qurmağa fokuslanır. Süni intellekt bu prosesin əsas dayaqlarından biridir. Dövlət idarəetməsində rəqəmsal həllərin tətbiqi sahəsində Azərbaycan artıq ciddi nailiyyətlər əldə edib və yaxın illərdə bu istiqamətdə qabaqcıl ölkələr sırasında yer alacağı gözlənilir. “Rəqəmsal hökumət 2.0”, “user-centric” xidmətlər və MyGov platforması bunun nümunələridir.
Hazırda Azərbaycanda startap ekosistemi istənilən səviyyədə inkişaf etməyib və bu sahəyə münasibət hələ də tam formalaşmayıb. Halbuki potensial mövcuddur. İsraillə əməkdaşlıq bu potensialın reallaşdırılması, innovasiya mədəniyyətinin gücləndirilməsi və rəqəmsal ixracın sürətləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Süni intellekt dedikdə isə, müasir trendlərə uyğun olaraq Aİ-nin startaplarda iştirakı çərçivəsində də İsrail təcrübəsinə arxalanmaq olar. İsrail bu yola çıxanda özünü “startup nation” – yəni startaplar yaradan bir dövlət kimi təqdim etmişdi. Bu yanaşma təsadüfi deyildi. Ölkədə startap ekosisteminin formalaşması üçün güclü dövlət proqramları yaradıldı, xüsusi institutlar təsis olundu və startaplara sistemli dəstək mexanizmləri quruldu. Dövlət tərəfindən startaplara qrantlar ayrıldı və iki mərhələli qrant sistemi tətbiq edildi.
Bu modelə əsasən, startap ilkin mərhələdə qrant alaraq ideyasını məhsula – MVP-yə, yəni pilot versiyaya çevirir, bazarda test edir. Müəyyən edilmiş hədəflərə çatdığı halda isə ikinci mərhələdə əlavə qrant əldə edir. Bu sistem startaplara bir-iki il ərzində sabit fəaliyyət göstərmək, məhsulunu formalaşdırmaq, bazarını və müştəri seqmentlərini müəyyən etmək imkanı yaradır. Daha sonra isə onlar artıq vençur kapital fondlarına, investor mələklərinə və digər investisiya institutlarına müraciət edirlər.
Eyni zamanda, artıq süni intellekt dövrünə daxil olmuşuq. Bu gün süni intellektdən istifadə etməyən məhsullar qlobal bazarda rəqabət qabiliyyətini sürətlə itirir. Qərb ölkələrində investorlar süni intellekt komponenti olmayan layihələrə maraq göstərmir. Çünki süni intellekt məhsulların daha effektiv, daha sürətli və daha ucuz istehsalını təmin edir.
Mövcud proqnozlara görə, yaxın 5–10 il ərzində hətta cəmi 3 nəfərlik komanda ilə milyard dollarlıq dəyərə malik – “unicorn” statuslu startapların yaranması mümkündür. Bu, süni intellektin imkanlarının nə qədər geniş olduğunu açıq şəkildə göstərir. Kiçik komandalar süni intellekt əsaslı alətlərdən istifadə edərək qlobal miqyaslı məhsullar yarada biləcəklər.
Bu baxımdan İsrail süni intellektin tətbiqində də qabaqcıl ölkələrdən biridir. Təhlükəsizlik, müdafiə, kənd təsərrüfatı, sənaye və digər sahələrdə İsrailin böyük elmi-tədqiqat bazası və ciddi nailiyyətləri mövcuddur. Azərbaycan İsraillə imzalanmış əməkdaşlıq sənədləri çərçivəsində bu təcrübədən faydalanaraq öz innovasiya və süni intellekt əsaslı inkişaf modelini formalaşdıra bilər.
N.ABDALOV
XQ


