Azərbaycan–BƏƏ iqtisadi əlaqələri yeni mərhələyə yüksəlir

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Əbu-Dabidə bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb. Dövlət başçıları söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığını vurğulayaraq əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluğunu bildiriblər. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin münasibətlərin önəmi qeyd edilib.

Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Məlumat üçün bildirək ki, “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payı qurumun şirkətin idarəetməsində həlledici (50 faizdən çox) səs hüququna malik olmadığı, lakin mülkiyyət hüququnu və gəlirlərdən pay almasını təmin edən hissədir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli sərəncamı ilə təsis edilib. Bundan da məqsəd “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etməkdən ibarət olub. Sərəncama əsasən, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə Dövlət Neft Şirkətinə məxsus olan təsisatdır.

Prezident sərəncamının 2-ci bəndində müəyyən edildiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Fonduna cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi, eləcə də cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin geri qaytarılmaq şərti ilə cəmiyyətə uzunmüddətli investisiya edilməsi tapşırılıb. “Cənub Qaz Dəhlizi” QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Dövlət başçısının 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına edilən dəyişikliyə əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin (İqtisadiyyat Nazirliyinin) payı 51 faizdən 49 faizə, Azərbaycan Dövlət Neft Şirkətinin payı isə 51 faizə çatdırılıb.

Burada əsas məqamlardan biri də ondan ibarətdir ki, İqtisadiyyat Nazirliyi səhmlərin sahibi kimi çıxış etsə də, bu pay “qeyri-nəzarət” payı kimi konsolidasiya edilmiş maliyyə hesabatlarında əks olunur. Bu da nazirliyin şirkətin operativ qərarlarına birbaşa nəzarət etmədiyini göstərir. Maliyyə hesabatlarına gəldikdə isə, bu, şirkətin aktivlərinin və xalis mənfəətinin hamısının deyil, yalnız nazirliyə məxsus olan hissənin maliyyə nəticələrinə təsirini ifadə edir.

Yeri gəlmişkən, son illər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2025-ci ilin iyulunda iki ölkə arasında ticarət maneələrini aradan qaldırmaq və qeyri-neft dövriyyəsini artırmaq məqsədi daşıyan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ilə ölkələrimiz arasında iqtisadi münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda dövlətlərarası əlaqələr həm ənənəvi iqtisadiyyat, həm də “yaşıl” enerji sahəsində sürətlə genişlənir.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfəyə yaxın artması da iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycan və BƏƏ 182 milyon dollardan artıq idxal-ixrac əməliyyatları aparıblar ki, bu da əvvəlki ilə nisbətən 1,9 dəfə çoxdur. Ekspertərin qənaətinə görə, bu rəqəm mövcud potensialı tam əhatə etməsə də, dövlətlərarası münasibətlərin dərinləşməsi növbəti illərdə ticarət dövriyyəsinin həcminin daha da artmasına səbəb olacaq. Elə son illər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə daha çox qeyri-neft məhsulları ixrac etməsi də bu baxımdan diqqət çəkir.

Eyni zamanda, BƏƏ Azərbaycanda “yaşıl” enerjiyə sərmayə qoyuluşu həyata keçirən dövlətlərdəndir. Ümumilikdə isə, enerji əməkdaşlığı ikitərəfli münasibətlərin ana xəttini təşkil edir. Ötən müddətdə BƏƏ-nin bərpaolunan enerji sahəsində dünyaca məşhur “Masdar” şirkəti ilə Azərbaycanda “yaşıl” enerji layhələrinin həyata keçirilməsi məqsədilə 1,2 milyard dollardan çox sərmayə qoyuluşu ilə bağlı sazişlər imzalanıb. Şirkətin ölkəmizdə icra etdiyi 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi artıq 2 ildən çoxdur ki, real fəaliyyət sahəsinə çevrilib. Hazırda isə şirkət 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala günəş, eləcə də 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyalarının tikintisini davam etdirir.

Neft-qaz sahəsində tərəfdaşlıq isə SOCAR və ADNOC şirkətlərinin fəal əməkdaşlığı nəticəsində uğurla inkişaf edir. Məlum olduğu kimi, 2023-cü ilin avqust ayında BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkəti Azərbaycanın “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payı alıb. Bu addım ölkələrarası enerji əməkdaşlığının, strateji əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən, ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin hüdudlarından kənarda apstrim layihəsində ilk investisiyasını Azərbaycana yatırması ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. Eyni zamanda, digər yeni layihələrə də əməkdaşlıq marağının artdığı müşahidə edilir.

Son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri investisiya sahəsində də fəal əməkdaşlıq edirlər. İki ölkənin iştirakı ilə yaradılmış 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biri sayılır. Hazırda sözügedən təsisat çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Ötən ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Modon Holding” ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Ümumilikdə isə, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında indiyədək siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 70-dən çox saziş və anlaşma memorandumu imzalanıb ki, bunlar da iri investorlara enerji, davamlılıq, süni intellekt, rəqəmsal transformasiya və gəmiqayırma kimi müxtəlif vacib sahələrdə investisiyaların mübadiləsi üçün geniş imkanlar açıb.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə fəaliyyətinə də dəstək göstərir. Bu məqam ikitərəfli münasibətlərin humanitar ölçüsünü nümayiş etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə BƏƏ hökuməti bu məqsədlə ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb. Bu isə postmünaqişə dövründə təhlükəsizliyin təmin olunmasına, bərpa və yenidənqurma proseslərinə mühüm töhfə kimi dəyərləndirilir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat