Rəqəmsallaşmaya sürətli keçid

post-img

2025-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) fəaliyyəti, əsasən, rəqəmsal inkişaf konsepsiyasının icrasına yönəlib. İl ərzində dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin təhlükəsiz və fasiləsiz təmin edilməsi istiqamətində birgə tədbirlər həyata keçirilib.

Bu və digər məsələlər barədə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verib. Onun sözlərinə görə, hazırda 375-dən çox dövlət qurumu elektron sistemləri inteqrasiya olunub, sosial müdafiə və digər əsas sahələrdə məlumat bazalarının qarşılıqlı əlaqəsi təmin edilib. 

Ötən il 25 dövlət qurumu ilə birgə 17 yol xəritəsinin hazırlandığını diqqətə çatdıran idarə heyətinin sədri deyib: “Güclü və mərkəzləşdirilmiş rəqəmsal infrastrukturun formalaşdırılması rəqəmsal hökumətin səmərəli fəaliyyətinin əsas şərti kimi qiymətləndirilib. “Mygov” platforması vasitəsilə vətəndaşlara 400-dən çox elektron xidmət təqdim olunur. 2025-ci ildə platformaya 38 yeni rəqəmsal xidmət və 32 alt xidmət əlavə edilib. Hazırda platformanın istifadəçilərinin sayı 2 milyonu ötüb, təkcə keçən il 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib”. 

Qeyd olunub ki, “Mygov ID” vahid giriş sistemi hazırda əsas dövlət informasiya sistemləri ilə inteqrasiya olunub və mərkəzləşdirilmiş rəqəmsal identifikasiya mexanizmi kimi fəaliyyət göstərir. Ötən il “Mygov ID” istifadəçilərinin sayının 500 mindən çox olduğunu bildirən qurum rəhbərinin sözlərinə görə, platformaya yeni dövlət və özəl informasiya sistemləri inteqrasiya edilib. 2025-ci ildə innovasiya ekosistemi üzrə fəaliyyətin Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirildiyini diqqətə çatdıran F.Osmanovun sözlərinə görə, il ərzində innovasiya və startap mühitinin inkişafı məqsədilə 300 minimum işlək məhsul yaradılıb. 

İnnovasiya mühitinin gücləndirilməsi və startapların xarici bazarlara çıxışının dəstəklənməsinin Rəqəmsal İnkişaf Konsepsiyasının əsas prioritet istiqamətlərindən biri olduğunu deyən qurum rəhbəri bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində innovasiya mədəniyyətinin formalaşdırılması, hakatonlar, inkubasiya və akselerasiya proqramlarının təşkili, eləcə də ali təhsil müəssisələri ilə birgə layihələrin icra olunduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, ötən il 18 yerli və xarici özəl şirkətlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar icra olunub, “Digital Azerbaijan” təşəbbüsü çərçivəsində inkubasiya və akselerasiya istiqamətində, təxminən, 40 proqram keçirilib. 2025-ci ildə 22 startapın, ümumilikdə, 2 milyon 622 min 500 dollar dəyərində investisiya cəlb etdiyini xatırladan F.Osmanov deyib ki, il ərzində 6 universitetdə 10-dan çox proqram və hakaton təşkil olunub, Lənkəran, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində innovativ sahibkarlığın təşviqi məqsədilə 10 regional proqram həyata keçirilib, 40-dan çox dövlət qurumunun nümayəndələri və 150-dən çox rəhbər şəxs tədris sessiyasına cəlb olunub. Eyni zamanda, ötən il “Rəqəmsal Akademiya” çərçivəsində 5 strateji sessiya həyata keçirilib. Almaniya, Sinqapur və Səudiyyə Ərəbistanına səfərlər təşkil olunub. 

Texnoparkların inkişafının innovasiya ekosisteminin əsas sütunlarından biri kimi diqqət mərkəzində saxlanıldığını bildirən F.Osmanov onu da bildirib ki, təkcə ötən il 4 xarici və 43 yerli şirkətə qeydiyyat şəhadətnaməsi verilib. Ümumilikdə isə hazırda texnoparklarda 165 rezident fəaliyyət göstərir ki, onlardan da 10-u xarici şirkətdir: “Rezidentlər mövcud qanunvericiliyə uyğun olaraq vergi və inzibati güzəştlərdən yararlanır, texnoloji məhsul və xidmətlərin inkişafı üçün əlverişli mühit əldə edirlər. Bu amil qabaqcıl texnologiyaların ölkəyə cəlb edilməsinə və yerli startapların beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır”.

Diqqətə çatdırılıb ki, nüvə elmi, radiasiya təhlükəsizliyi, su ehtiyatlarının monitorinqi və yüksək texnologiyaların tətbiqi sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlıq çərçivəsində ardıcıl tədbirlər görülüb. Həyata keçirilən bu tədbirlər ölkədə radiasiya təhlükəsizliyinin təmin edilməsinə, su resurslarının etibarlı monitorinqinə və nüvə elmi ilə yüksək texnologiyaların inkişafına xidmət edir. Ümumilikdə, 1838 müvafiq tədqiqat və monitorinq prosesi aparılıb.

Hazırda vençur fəaliyyətinin genişləndirilməsi, investisiya fondları və maliyyə alətlərinin genişləndirilməsi istiqamətində, xüsusən də qanunvericilik layihələri üzərində aidiyyəti qurumlarla işin yekunlaşmaq üzrə olduğunu söyləyən İRİA rəhbərinin sözlərinə görə, ötən il Rəqəmsal Sənəd Dövriyyəsinə 17 təhsil ocağı və 16 biznes subyekti inteqrasiya edilib. Ümumilikdə isə, indiyədək Rəqəmsal Sənəd Dövriyyəsinə 1300-dən artıq qurum inteqrasiya edilib, eyni zamanda, 31 milyondan çox səhifəyə, vərəqə qənaət olunub. Bu isə 5 min 700 ağaca qənaət edilməklə “yaşıl” cəmiyyətin qorunması istiqamətində aparılan uğurlu layihələrdən biri kimi diqqət çəkir.

Mirbağır YAQUBZADƏ
XQ

 

İqtisadiyyat