2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.
KOBİA-dan XQ-yə bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fiziki şəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almış sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl layihə”dir. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.
Ümumilikdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı 2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət daxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

