Qərb Sənaye Parkı Gəncə və Şəmkirə yeni texnologiya gətirəcək

post-img

Ölkədə qeyri-neft sektorunun sürətli inkişafında mühüm rol oynayan sənaye parklarında innovasiya və yüksək texnoloji həllərin tətbiqi genişlənməkdədir. Dövlət tərəfindən reallaşdırılan təşviq mexanizmləri bu prosesə əlavə impuls verir. Mövcud vergi islahatları çərçivəsində sənaye parklarının rezidentləri müasir və hazır infrastrukturla dövlət dəstəyi əsasında təmin olunur.

Bu gün ölkədə Sumqayıt, Pirallahı, Qaradağ, Ağdam, Mingəçevir, Hacıqabul, Naxçıvan sənaye parkları, eləcə də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı fəaliyyət göstərir. Balaxanı sənaye parkları isə tullantıların təkrar emalı sahəsinə yönəlməklə ekoloji baxımdan fərqli və müasir sənaye yanaşmasını təcəssüm etdirir. Bu parklar Azərbaycanın istehsal potensialının genişləndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və ixrac imkanlarının artırılması baxımından mühüm rol oynayır.

Dünən Prezident İlham Əliyev ölkədə sənayenin inkişafını daha da sürətləndirmək məqsədilə “Qərb Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb. Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində yeni sənaye parkı fəaliyyət göstərəcək. Bu park sahibkarlara rəqabətqabiliyyətli məhsullar istehsal etmək və xidmət göstərmək üçün zəruri infrastruktur və idarəetmə mexanizmləri təmin edəcək. Burada müasir texnologiyaların tətbiqi ilə işlər səmərəli şəkildə qurulacaq və sahibkarların inkişafı üçün əlverişli şərait yaradılacaq.

Sənaye parkının təşkili, idarə olunması və inkişafı ilə bağlı bütün tədbirlər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək. Yeni sənaye zonasında xarici və daxili infrastruktur layihələndirilərək yaradılacaq. Bu işlərin həyata keçirilməsi üçün dövlət büdcəsində Prezidentin ehtiyat fondundan ilkin olaraq 500 min manat vəsait ayrılıb. Qərb Sənaye Parkı həm yerli, həm də xarici sahibkarlar üçün yeni investisiya imkanları açır və Azərbaycanın sənaye sektorunun gələcək inkişaf strategiyasının mühüm hissəsi kimi önə çıxır.

Ümumiyyətlə, Azərbaycanda sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb. Bu müəssisələrdə 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Sənaye zonalarında indiyədək 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun 5,2 milyard manatı ixracın payına düşür.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı 613 hektar ərazini əhatə edir və kimya, neft-kimya, maşınqayırma, metallurgiya, tikinti materialları kimi sahələr üzrə fəaliyyət göstərir. Parkda sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur, rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən, eləcə də avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından azad edilir. Parkda ümumi investisiya həcmi 6 milyard manatdan artıq olan 39 rezident qeydiyyata alınıb, onlardan 26-sı artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən indiyədək 14 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun təxminən 5 milyard manatı ixrac edilib. 2025-ci ilin birinci rübündə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda parkda 6 mindən çox insan daimi işlə təmin olunub və məhsullar 70-dən artıq ölkəyə ixrac edilir.

Ağdam Sənaye Parkı isə rezidentlərin sayına görə ölkədə ikinci ən böyük parkdır. Burada Çin kapitallı lift istehsalı müəssisəsi kimi yeni zavodlar qurulur. Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonası isə transformator istehsalı layihəsi ilə diqqət çəkir və parkın ümumi investisiya portfeli 150 milyon manata yaxınlaşır. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yeni rezidentlərlə inkişafını davam etdirir. Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi parkın rezident statusu alıb. Şirkət parkın 2 hektar ərazisində müasir avadanlıqlarla təchiz edilmiş transformator istehsalı müəssisəsi yaradacaq. Layihə çərçivəsində ildə 3 min transformator istehsal olunacaq və investisiya həcmi təxminən 17 milyon manat təşkil edir. Hazırda parkın investisiya portfeli 140 milyon manat səviyyəsindədir. Burada 18 sahibkar rezident, 4 sahibkar isə qeyri-rezident kimi fəaliyyət göstərir.

Qeyd edək ki, sözügedən zonalarda bərpaolunan enerjidən istifadə çərçivəsində də mühüm işlər görülür. Sənaye parklarının bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı buna əyani misaldır. Buna əsasən, sənaye parklarının enerji tələbatı “Azərenerji” və “Azərişıq” ASC-lər tərəfindən təmin olunacaq, rezident və qeyri-rezidentlərin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün zəruri müqavilələr bağlanacaq.

Beləliklə, Azərbaycan sənaye parkları həm yerli, həm də xarici investisiyaları cəlb edərək qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verir və regionlarda yeni istehsal imkanları yaradır.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Sənaye parkları həm yerli sahibkarlar, həm də xarici investorlar üçün cəlbedici iqtisadi platforma rolunu oynayır. Azərbaycan bu istiqamətdə kifayət qədər uğurlu təcrübə formalaşdırmış ölkələr sırasındadır. Məhz bu təcrübəyə əsaslanaraq sənaye parklarının yaradılması prosesi artıq işğaldan azad olunmuş əraziləri də əhatə edir.

Ağdamda və Cəbrayılda sənaye parklarının salınması istehsal fəaliyyətinin təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Ağdam Sənaye Parkı Azərbaycan qeyri-neft ixracının genişlənməsinə real töhfə verən istehsal məkanı kimi formalaşır. Burada istehsal olunan məhsulların xarici bazarlara çıxarılması üçün əlverişli şərait yaradılır. Bu yanaşma Azərbaycanın sənaye məhəllələri və sənaye parkları üzrə formalaşdırdığı uğurlu praktikaya əsaslanır və qeyri-neft sektoruna investisiya cəlb olunması baxımından yeni imkanlar açır.

Eyni zamanda, sənaye parkları sahibkarlara dövlət tərəfindən daha sistemli dəstəyin göstərilməsinin effektiv mexanizmi kimi çıxış edir. Sahibkarlar bu ərazilərdə fəaliyyət göstərərkən vergi və gömrük güzəştlərindən yararlanır, hazır infrastrukturdan istifadə imkanı əldə edirlər. Bu amillər investisiya qoyuluşunu stimullaşdıran əsas təşviq elementlərindəndir.

Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman sənaye siyasətinin coğrafiyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Sözügedən sənaye parkının yaradılması sahibkarlığın dəstəklənməsi siyasətinin daha da dərinləşdirildiyini göstərir. Parkın mövcud infrastrukturu yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün də maraqlı imkanlar vəd edir.

Qərb Sənaye Parkı yerli sahibkarlar üçün xüsusilə cəlbedici olacaq. Çünki burada vergi güzəştlərindən istifadə etməklə istehsal imkanlarını genişləndirmək, xərcləri azaltmaq və daha səmərəli istehsal prosesini qurmaq mümkündür. Ümumilikdə, sənaye parkları sənaye sektorunda istehsalın təşkili üçün optimal platforma rolunu oynayır və müxtəlif sahələr üzrə istehsalın qurulmasına şərait yaradır.

Təcrübə göstərir ki, sənaye parkları və sənaye məhəllələri iqtisadiyyatın müxtəlif sahələri üzrə səmərəli istehsalın təşkilinə imkan verir. Bu praktikanın yeni yaradılan Qərb Sənaye Parkında da davam etdirilməsi gözlənilir. Parkda əsasən sənayedə yüksək tələbat olan məhsulların istehsalına üstünlük veriləcəyi proqnozlaşdırılır. Sahibkarların təqdim etdiyi layihələr əsasında müxtəlif sənaye məhsullarının istehsalı burada həyata keçiriləcək.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat